QAN YADDAŞI
Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri tərəfindən bölgələrdəki Heydər Əliyev mərkəzləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri ilə birgə silsilə tədbirlər təşkil edilib. 20 Yanvar faciəsinin - Azərbaycan xalqına qarşı törədilən və fundamental insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnən bu cinayət hadisəsinə beynəlxalq hüquqi qiymət verilməsinin önəmi və hüquqi əsasları diqqətə çatdırılıb. Bu hadisələrin xalqımızın müstəqillik uğrunda mübarizə tarixinin parlaq səhifələrindən olduğu vurğulanıb.
Tədbirlərdə Ombudsmanın 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara ünvanladığı bəyanat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.