OMBUDSMAN NORVEÇDƏKİ AZƏRBAYCAN DİASPORU İLƏ SIX ƏLAQƏ SAXLAYIR
Ombudsmanın Norveçdə yaşayan həmvətənlərimizlə səmimi münasibətləri ötən ilin noyabrında Osloda keçirilən Avropa ombudsmanlarının VIII Beynəlxalq dəyirmi masasında iştirak etdiyi günlərdən yaranmışdır.
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova Norveçə o vaxtkı səfəri zamanı “Azərbaycan evi”nin açılışında iştirak etmiş, soydaşlarımızla söhbət zamanı diasporun fəaliyyəti və problemləri ilə də maraqlanmışdı. Ona təşkilat haqqında məlumat verilərkən, milli mədəniyyətimizi, xalq sənətimizi yaşatmaq üçün “Azərbaycan evi”ndə musiqi və rəqs, ədəbiyyat dərnəkləri, xalq çalğı alətləri ansamblı yaradıldığı, azərbaycanlı uşaqların bu dərnəklərə cəlb edildiyi bildirilmişdi. Latın qrafikası ilə çap edilmiş uşaq ədəbiyyatına, dərsliklərə, nəğmə mətnlərinə, milli rəqs geyimlərinə ehtiyac olduğu qeyd edilmişdi.
Ombudsman Vətənə qayıtdıqdan sonra soydaşlarımızın qaldırdıqları məsələləri, onların çətinliklərini və ehtiyaclarını respublikamızın əlaqədar nazirliklərinə, təşkilatlarına, ən başlıcası isə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə çatdırmış və onlara bu işdə yardımçı olmuşdur.
İnsan hüquqları üzrə müvəkkilin bu günlərdə Norveçdəki “Azərbaycan evi”nə göndərdiyi bağlamada müxtəlif siniflər üçün latın qrafikası ilə nəşr edilmiş dərsliklər, Azərbaycan haqqında kitablar, ensiklopedik nəşrlər, xalq musiqimizə dair kompakt disklər və audiokasetlər, nəğmə mətnləri vardır. Hədiyyə edilən dərsliklər “Azərbaycan evi”ndə fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri üçün nəzərdə tutulmuşdur.