OMBUDSMANIN TƏŞƏBBÜSÜ İLƏ UŞAQLARIN İMZATOPLAMA KAMPANİYASI KEÇİRİLMİŞDİR
Bakı, 25 fevral (AZƏRTAC). Ombudsman Aparatı Təhsil Nazirliyi ilə birgə Xocalı faciəsinin ildönümü ərəfəsində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə uşaqlar arasında kütləvi imzatoplama kampaniyası keçirmişdir.
Ombudsman Aparatından bildirmişlər ki, “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə aparılan ümumrespublika aksiyası çərçivəsində ölkəmizin müxtəlif güşələrində yaşayan və təhsil alan 300 mindən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqlarının imzaları toplanmış, imza vərəqələri BMT baş katibinin müavini, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi xanım Radhika Kumarasvamiyə göndərilmişdir.
BMT-yə ünvanlanan məlumatlarda Ermənistanın təcavüzü nəticəsində respublikamıza və xalqımıza ölçüyəgəlməz maddi və mənəvi zərər vurulduğu, torpaqlarımızın 20 faizinin işğal olunduğu, bir milyon soydaşımızın - ölkə əhalisinin hər səkkiz nəfərindən birinin öz əzəli torpaqlarında qaçqına və məcburi köçkünə çevrildiyi, çadırlarda doğulmuş yüz min uşağın kütləvi surətdə bütün insan hüquqlarından məhrum olduğu qeyd edilmişdir.
Kütləvi kampaniyaya ölkəmizin hər yerindən qoşulan çoxsaylı uşaqlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü uzun illik təcavüzə, etnik təmizləmə və işğalçılıq siyasətinə, törədilən terror aktları, soyqırımı və faciələrə, qanlı müharibələrə etirazlarını, həmçinin sülh, əmin-amanlıq, dinc həyat istəklərini öz imzaları ilə təsdiq etmişlər.
Qeyd edək ki, 1 İyun - Uşaqların Müdafiəsi günü ərəfəsində müvəkkilin təşəbbüsü, YUNİSEF-in dəstəyi və BMT baş katibinin adıçəkilən xüsusi nümayəndəsinin iştirakı ilə Azərbaycanda “Ekstremal şəraitdə uşaqların vəziyyəti” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Konfransda təbii fəlakətlər, texnogen proseslər, müharibə və hərbi münaqişələr zamanı uşaqların hüquqlarının müdafiəsi məsələləri müzakirə olunacaqdır.