ÖMƏR ŞƏRİF YENİ MİSİR SERİALINDA ÇƏKİLƏCƏK
Film 2006-cı ilin sentyabrında, Ramazan ayında ekranlara çıxacaqdır. Misirdə, adətən, bu müqəddəs ayda ən yeni və sevilən filmlər və seriallar nümayiş etdirilir. Filmdə çəkilişə görə Ö.Şərif 12 milyon misir funtu (təxminən 2 milyon dollar) alacaqdır. “Rəğbət və həsrət” bir insanın həyat və sevgisindən, uğur və ümidsizliyindən bəhs edəcəkdir. Filmdə adlar dəyişdirilsə də, 77 yaşlı aktyorun taleyi aydın sezilir.
Ömər Şərif (əsil adı Mişel Şalhubdur) 1962-ci ildə ABŞ kinematoqrafçılarının çəkdiyi “Ərəbistan Lourensi” filmində ərəb şeyxi rolundan sonra məşhurlaşmışdır. Onun ilk ekran işi isə 1952-ci ildə “Vadidə mübarizə” filmində olmuşdur. Bu, Sovet İttifaqında nümayiş etdirilən ilk Misir ekran əsəri idi.
Ömər Şərif 20 il Hollivudda çəkilmişdir. 2003-cü ildə “Cənab İbrahim və Quranın gülləri” filmində qoca ərəb roluna görə Fransanın ən yaxşı aktyoru kimi “Sezar” mükafatına layiq görülmüşdür.
Ömər Şərif son vaxtlar aktyorluqdan uzaqlaşıb ömrünün qalan hissəsini ailəsinə həsr etməyi və bizneslə məşğul olmağı qərara almışdır. O, oğlu və nəvəsi - balaca Ömər Şəriflə birlikdə kişi köynəklərinin tikilişi və satışı ilə məşğul olan şirkətlər şəbəkəsi açmışdır. Ancaq, demə, “qoca Romantik”in kinoya məhəbbəti sönməyibmiş.