On birinci Azərbaycan beynəlxalq təhsil sərgisi açılışa tam hazırdır VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışına həsr olunan mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Təhsil Nazirliyinin elm, ali, orta ixtisas şöbəsi müdirinin müavini Şahin Bayramov, “Caspian Event Organisers (CEO)” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə, “Kapital Bankın” marketinq departamentinin direktoru Günel Fərzəliyeva, sərginin meneceri Alina Potokina tədbirlə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, tədbirin təşkili üçün lazımi işlər görülüb və sərgi artıq açılışa tam hazırdır.
Bildirilib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək tədbirdə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Ötən illərlə müqayisədə nazirliyin stendləri bu il daha geniş sahəni əhatə edəcək. Sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil - sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim olunacaq. Burada fəaliyyət göstərəcək lektoriyada mühazirələrin oxunacağı, startapçıların çıxışı, təqdimatların nümayişi nəzərdə tutulub. Həmçinin respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları bacarıqlarını göstərəcəklər. Üç gün davam edəcək sərgidə 17 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələrin universitet, kollec, ümumi təhsil müəssisələri, təhsil mərkəzləri təqdim ediləcək.
Diqqətə çatdırılıb ki, bu il geniş işgüzar proqramı ilə fərqlənəcək təhsil sərgisində “Mənim gələcək peşəm və ona gedən yol” mövzusunda seminar keçiriləcək. Ümumilikdə, sərgi çərçivəsində iştirakçılara bakalavriat, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və təlimlər üzrə proqramlar təqdim ediləcək. Tədbir çərçivəsində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçiriləcək XX Azərbaycan beynəlxalq karyera sərgisində “Azərsun”, “Azercell Telekom”, “Gilan Holdinq” və “Veysəloğlu” Şirkətlər Qrupu ziyarətçilərə təcrübə proqramları və vakansiyaları təqdim edəcəklər.
Vurğulanıb ki, sərgiyə qatılmaq istəyən media nümayəndələri üçün tədbirin açılış günündə metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə yola düşən xüsusi (ödənişsiz) avtobuslar təşkil ediləcək. Avtobusdan istifadə mətbuat vəsiqəsini təqdim etməklə mümkün olacaq.