“OPEC+”un “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılan Texniki Komitəsinin 7-ci iclası keçirilib
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və qeyri-OPEC ölkələrinin “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılan Texniki Komitəsinin videokonfrans formatında 7-ci yığıncağı keçirilib.
AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, iclas OPEC və qeyri-OPEC iştirakçıları üçün texniki mövzuları və neft bazarı şərtlərini müzakirə etmək üçün platformadır. Yığıncağa müvafiq məsələlər və inkişaflar barədə fikirlərini bölüşmək üçün bir sıra beynəlxalq ekspert dəvət olunub.
Qeyd edək ki, Texniki Komitə OPEC və qeyri-OPEC nazirlərinin görüşlərinə hazırlıq məqsədilə ildə iki dəfə toplanır.
Xatırladaq ki, iyunun 9-da OPEC Nazirlər Şurasının 179-cu iclasının videokonfrans formatında təşkili, iyunun 10-da OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfransla 11-ci görüşünün keçirilməsi planlaşdırılır. İclaslarda “OPEC+” üzrə mövcud hasilat məhdudiyyətlərinin 1 və ya 3 ayadək uzadılması (may-iyun göstəricilərinin saxlanılması) əsas müzakirə mövzusu olacaq.
“OPEC+” ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı bu ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 620 min barreli keçməməlidir.
Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.