İQTİSADİYYAT
“OPEC+”un erkən iclası kvota məsələsinə görə qeyri-müəyyənliyini qoruyur

Bakı, 3 iyun, AZƏRTAC
OPEC və tərəfdaşlarının (“OPEC+”) hasilat məhdudiyyətlərini müzakirə edəcəyi və daha erkən keçirilməsi gözlənilən iclas bəzi ölkələrin öhdəliklərə əməl etməmələri səbəbindən qeyri-müəyyənliyini qoruyur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, OPEC daha öncə planlaşdırılan tarixdən bir neçə gün əvvəl - iyunun 4-də iclas keçirməyi nəzərdə tuturdu. Daha əvvəl isə iyunun 9-da OPEC Nazirlər Şurasının 179-cu iclasının videokonfrans formatında təşkili, iyunun 10-da OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfransla 11-ci görüşünün keçirilməsi planlaşdırılmışdı.
Qeyd edək ki, Rusiya və bəzi digər neft istehsalçısı ölkələr “OPEC+” üzrə iyulun 1-dən həcmi azaldılacaq mövcud hasilat məhdudiyyətlərinin daha 1 ay əvvəlki səviyyədə saxlanılmasının tərəfdarıdır. OPEC və digər qeyri-OPEC neft istehsalçıları isə mövcud məhdudiyyətlərin 1 və ya 3 aya qədər uzadılmasını düşünür. Səudiyyə Ərəbistanı da bu məsələdə həmfikirdir.
Bu proseslər fonunda “Brent” markalı xam neftin bir barrelinin qiyməti təxminən 3 ay ərzində (martın 6-dan) ilk dəfə 40 dolları keçib.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı bu ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 620 min barreli keçməməlidir.
Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.