Oqtay Əfəndiyevin biblioqrafik göstəricisi nəşr edilib
Bakı,11 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında direktor Hüseyn Hüseynovun elmi redaktorluğu ilə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyevin biblioqrafik göstəricisi nəşr olunub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, nəşrdə Azərbaycan tarixinin orta əsrlər dövrünün tədqiqi və Azərbaycan tarixinə dair xəritələrin tərtib olunması işində xüsusi xidmətləri olan alimin həyatının əsas mərhələləri, elmi-pedaqoji və ictimai fəaliyyəti əksini tapıb. Biblioqrafik göstəricidə “Həyatı, elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri”, “Görkəmli elm xadimləri Oqtay Əfəndiyev haqqında”, “Əsərlərinin biblioqrafiyası”, “Redaktoru və rəyçisi olduğu kitablar”, “Elmi rəhbərlik etdiyi dissertasiya işləri”, “Həyat və yaradıcılığı haqqında” və “Soraq-axtarış aparatı” kimi bölmələr sistemli şəkildə təqdim olunub.
Kitabda tarix elmləri doktoru Xeyirbəy Qasımovun “Azərbaycan səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi” adlı oçerki yer alıb.