Ordumuz xalqımızın qəhrəmanlıq ənənələrinin müasir dövrdəki ən parlaq təcəssümüdür - Ruhəngiz Cümşüdlü
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi əsrlərin sınağından çıxmış zəngin tarixi ənənələrə söykənir. Xalqımızın qəhrəmanlıq ruhu təkcə ədəbiyyatımızda Babək və Koroğlu kimi ölməz obrazlarda deyil, həm də dövlətçilik tariximizin müxtəlif mərhələlərində yetişmiş görkəmli sərkərdələrin fəaliyyətində öz əksini tapıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər və innovasiya üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü deyib.
O bildirib ki, Azərbaycan tarixində mühüm rol oynamış Cavanşir, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən və Şah İsmayıl kimi hökmdarlar yalnız dövlət xadimi deyil, həm də böyük sərkərdələr kimi xalqımızın hərbi irsini formalaşdırıblar. Bu şanlı ənənə sonrakı dövrlərdə də davam edib.
“XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalqı onlarca tanınmış hərbi xadim yetişdirib. Bakıxanovlar, Şıxlinskilər, Vəkilovlar, Cavanşirlər, Kəngərlilər və Cavadxanovlar kimi məşhur nəsillərin nümayəndələri generallıq zirvəsinə yüksələrək xalqımızın adını dünyaya tanıdıblar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizin 21 döyüş generalının olması milli hərb tariximizin mühüm göstəricilərindən biridir”, - deyə alim vurğulayıb.
Alimin sözlərinə görə, müstəqil Azərbaycan Ordusunun formalaşmasının əsası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. “Ulu Öndərin 1969-cu ildə respublikaya rəhbərliyə başlamasından sonra milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması gələcək peşəkar zabit korpusunun formalaşmasında mühüm rol oynadı. Həmin məktəbin məzunları sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin əsas kadr bazasına çevrildilər”, - deyə o qeyd edib. Müsahibimiz bildirib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etdi. “Məhz onun rəhbərliyi ilə nizami ordu formalaşdırıldı, Silahlı Qüvvələrin döyüş qabiliyyəti artırıldı, maddi-texniki bazası möhkəmləndirildi və 26 İyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi təsis olundu”, – deyə o əlavə edib. “Son illərdə Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz edilib, peşəkarlıq səviyyəsi yüksəldilib, döyüş hazırlığı daha da gücləndirilib. Nəticədə regionun ən güclü ordularından biri formalaşdırılıb”, – deyə o vurğulayıb.
Alim qeyd edib ki, Azərbaycan Ordusunun gücü 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin lokal antiterror tədbirləri zamanı bütün dünyaya nümayiş etdirildi: “Rəşadətli Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu tarixi Zəfər Azərbaycan əsgərinin peşəkarlığının, qəhrəmanlığının və yüksək vətənpərvərlik ruhunun təntənəsi oldu. Bu gün Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü qalib ölkənin və qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edir. Azərbaycan Ordusu dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və milli qürurumuzun ən möhtəşəm simvollarından biridir. Ordumuz xalqımızın qəhrəmanlıq ənənələrinin müasir dövrdəki ən parlaq təcəssümüdür.