ŞƏRH
Ordumuzun Qarabağ Zəfəri bütün Türk dünyasının, müsəlman aləminin qələbəsidir ŞƏRH
Bakı, 9 avqust, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi və bir sutkadan da az davam antiterror tədbirləri zamanı əldə etdiyimiz Qələbənin əsas müəllifi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz onun əmri ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı 30 illik işğaldan azad etdi, Bayrağımızı Qarabağımızın hər bir guşəsində ucaltdı. Bizə dost olan və olmayan bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar Qələbəmizi dövlətimizin başçısının adı, əzmi və siyasəti ilə bağlayırlar. Azərbaycan dövlətinin Ermənistan üzərində əldə etdiyi Zəfərin altında kimin imzasının olması heç kimdə şübhə doğurmur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsi 2020-ci ildə başlasa da, ona hazırlıq daha əvvəldən aparılırdı: “Prezident İlham Əliyevin hələ 2003-cü ildə hakimiyyətə gəlməmişdən əvvəl “Dağlıq Qarabağ” məsələsində güzəştsiz və prinsipial mövqe tutduğunu Robert Koçaryan özünün “Həyat və azadlıq” adlı memuarında etiraf edib. Düşmən ölkənin prezidenti tərəfindən yazılsa da, kitab bir çox məsələlərə aydınlıq gətirib.
“Azərbaycan Prezidenti hakimiyyətə gələndən sonra münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə ümid edirdi, amma sonradan üzləşdiyimiz ikili standartlar, riyakarlıq bütün gözləntiləri puça çıxardı və Ordumuz yenidən quruldu, müharibəyə hazır vəziyyətə gətirildi. Qarabağ Zəfəri tariximizdə, inkişafımızda dönüş yaratdı. Prezident İlham Əliyev çıxışlarında hər zaman qeyd edib ki, Qələbənin müəllifi şanlı Ordumuzdur, igid əsgərimizdir, qəhrəman xalqımızdır. “Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq", - deyən dövlətimizin başçısı şəhidlərimizin, qazilərimizin, bütün əsgər və zabit heyətinin zəfərdəki rolunu daim xüsusilə vurğulayıb.
Dövləti və ordunu vahid gücə çevirən, onların resurslarını düzgün istiqamətləndirən, xalq-ordu birliyini yaradan siyasi liderdir. Məğlub ordunu yenidən bərpa edib güclü vəziyyətə gətirmək və Zəfər qazanmaq siyasi liderdən xüsusi məharət, bacarıq tələb edir”, - deyə politoloq vurğulayıb.
O əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilməsi bizi şanlı Qələbəyə qovuşdurdu. Azərbaycan Ordusunun Qarabağda əldə etdiyi Zəfər bütün Türk dünyasının, müsəlman aləminin qələbəsidir. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq Qarabağ məsələsində bizə dəstək vermiş, uğurumuza sevinən hər bir kəsin bu Zəfərdə payı var.