Ötən ay Naxçıvanda 200-dən çox işaxtaran işlə təmin olunub
Naxçıvan, 8 iyun, AZƏRTAC
Ötən ay muxtar respublikanın məşğulluq mərkəzləri tərəfindən 207 işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub. Onların 46-sı gənc, 47-si qadın, 8-i sağlamlıq imkanları məhdud şəxs, 6-sı isə ünvanlı sosial yardım təyini üçün müraciət edənlərdir. Həmçinin 31 nəfər ictimai, 36 nəfər isə mövsümi xarakterli müvəqqəti işlərə göndərilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əhalinin məşğulluğunun təmin edilməsi tədbirləri çərçivəsində uzun müddət ünvanlı dövlət sosial yardımı alan 9 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara, cəzaçəkmə müəssisəsindən azad edilmiş 1 şəxsə arı yeşiklərinin hazırlanması, 2 nəfərə isə fərdi xalçaçılıq sahəsi üçün zəruri avadanlıqlar verilib. Bundan başqa, kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, gözəllik salonu və dərzi sexlərində 5 bərbər-manikürçü və 1 dərzi işlə təmin edilib.
Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə “Könül işığı” adlı jurnalın növbəti nömrəsi çap olunub, audiokitabxana xidmətindən istifadə edən görmə məhdudiyyətli şəxslər tərəfindən 956 əsər dinlənilib.