ÖTƏN HƏFTƏ AZƏRBAYCAN GİMNASTİKASI ÜÇÜN UĞURLU OLMUŞDUR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, Aliyə Qarayeva İnsbrukda keçirilən Qran-pri yarışlarında 2 bürünc mükafata layiq görülmüşdür. Çoxnövçülükdə uğurla çıxış edən Aliyə gürzlərlə hərəkətlərın finalında da bürünc mükafata layiq görülmüşdür. Hakimlərdən 18,05 bal alan həmvətənimiz rusiyalı Olqa Kapranova və Vera Sesinaya uduzmuşdur. Aliyə iplə hərəkətlərdə 4-cü, lentlə 7-ci, halqa ilə hərəkətlərdə 8-ci yeri tutmuşdur. Yarışların bütün finallarında iştirak edən digər gimnastımız Anna Qurbanova da ən yaxşı nəticəsini gürzlə hərəkətlərdə göstərərək 5-ci yeri tutmuş, çoxnövçülükdə, halqa və lentlə hərəkətlərdə 6-cı, halqa ilə hərəkətlərdə isə 7-ci nəticə göstərmişdir.
İnsbrukda Qran-pri yarışlarına paralel keçirilən yeniyetmələrin turinirində çıxış edən Nigar Mirzəyeva halqa ilə hərəkətlərə görə 5-ci yerə, çoxnövçülük və lentlə hərəkətlərə görə isə 6-cı yerə layiq görülmüş, topla hərəkətlərdə 7-ci yeri tutmuşdur.
Üçrəngli bayrağımız Belçikanın Gent şəhərində keçirilən beynəlxalq yarışda da dalğalanmışdır. Finallarda Zeynəb Cavadlının gürz və lentlə çıxışları bürünc mükafata layiq görülmüşdür. O, mütləq birincilikdə üç bolqar və rusiyalı idmançıdan sonra 5-ci yeri tutmuşdur.
Daha bir yeniyetmə gimnastımızın, Yekaterina Prokopenkonun da çıxışları uğurlu olmuşdur. O, şəxsi hesabda Rusiya və Belarus idmançılarından sonra 3-cü yeri tutmuş, bütün finallarda çıxış edərək, öz təmrinlərini səliqə ilə yerinə yetirmişdir. Nigar Əbdüsəlimova isə çoxnövçülükdə 73 iştirakçı arasında 20-ci yeri tutmuşdur.
Brestdə akrobatlarımızın şərəfinə Azərbaycan himni səslənmişdir. Ayla Əhmədova-Dilarə Sultanova cütlüyü Rusiya və Belarus akrobatları ilə gərgin mübarizədə qızıl medal qazanmış, Rüstəm Nəcəfquliyev, İlham Abbasov, Elnur Məmmədov və Fərid Məmmədovdan ibarət qrup 0,1 bal fərqi ilə Rusiya akrobatlarına uduzaraq, gümüş medal qazanmış, eyni zamanda, “Ən yaxşı kompozisiyaya görə” xüsusi mükafatına layiq görülmüşdür.
Elçin Məmmədov-Emil Yarəhmədov cütlüyü 4-cü yeri tutmuş, tullananlar Səid Səlimov və Hafiz Rzayev isə finalda çıxışla kifayətlənməli olmuşlar.
Bakı gimnastları isə özlərinin indiki çempionlarını müəyyənləşdirmişlər. İdman ustaları arasında ən yaxşı nəticəni Ordu Mərkəzi İdman Klubunun nümayəndəsi Elvin Ağadədəyev, ustalığa namizədlər arasında Rəşad Cəfərli (Bakı gimnastika məktəbi) göstərmiş, birinci dərəcəli idmançılar arasında isə birinci yeri Şamil İsmayılov və Yevgeni Samarkin (hər ikisi Respublika Olimpiya idmanı liseyindən) bölüşmüşlər.