Ötən il aylıq müavinət alanların sayı birdəfəlik müavinət alanların sayından çox olub
Bakı, 25 iyun, AZƏRTAC
Ötən il aylıq müavinət alanların sayı birdəfəlik müavinət alanların sayından çox olub. Belə ki, 2020-ci illə müqayisədə ötən il aylıq müavinət alanların sayında 4,3 faiz (17290 nəfər) artım, birdəfəlik müavinət təyin edilmiş şəxslərin sayında isə 19,1 faiz (16060 nəfər) azalma müşahidə olunub.
Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, aylıq müavinət alan şəxslərin sayındakı artım yaşa görə müavinət təyin edilmiş şəxslərin sayındakı artım ilə əlaqədardır. Bu da sosial müavinətin təyin edilməsi üçün müəyyən olunmuş yaş həddinin əvvəlki illərlə müqayisədə 2020-ci ildən başlayaraq azaldılması, başqa sözlə pensiya təyinatı üçün müəyyən edilmiş yaş həddi ilə bərabərləşdirilməsi hesabına baş verib.
Birdəfəlik müavinətlər üzrə say göstəricisinin azalma dinamikası ilə müşayiət olunması dövr ərzində yeni doğulan uşaqların sayının əvvəlki illərlə müqayisədə aşağı olması ilə əlaqədardır.
Sosial müavinətlərin maliyyələşdirilməsi üzrə xərc edilmiş vəsaitin həcmi 31,4 faizi (189983,1 min manat) artıma sahib olub. Belə ki, orta hesabla bir nəfərə düşən sosial müavinət məbləği 2020-ci ildə 101,7 manat olduğu halda, 2022-ci ildə 34,2 faiz artaraq 136,5 manat təşkil edib.