AZƏRTAC xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclası olmuşdur. İdarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi nümayəndələri və bələdiyyə sədrlərinin, sahibkarlar və ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilmiş iclasda rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirovun hesabat məruzəsi dinlənilmişdir. Natiq “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülmüş işlərdən söz açaraq, ötən il 1950 iş yeri yaradıldığını nəzərə çarpdırmış, asfalt-beton və kərpic zavodlarının istifadəyə verilməsini, süd zavodunun yenidən qurulmasını, içməli su təchizatı üzrə proqramın həyata keçirilməsini, Olimpiya İdman Kompleksinin və regional əhəmiyyətli elektrik yarımstansiyalarının inşasına başlanmasını rayonun həyatında uğurlu addımlar adlandırmışdır.
Rayon Maliyyə İdarəsinin rəisi Məlikram Mirzəyev, əmək veteranı Yəhya Əliyev, gənclər təşkilatının sədri İlkin Məmmədli, “Halal” aqroservisinin direktoru Qurban Abbasov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyətinin sədri Arif Əsgərov, “Hacı Camalxan” kəndli (fermer) təsərrüfatının direktoru Adil Rəfiyev və başqaları çıxış edərək hesabat dövründə qazanılmış müvəffəqiyyətləri qiymətləndirmiş, qarşıda duran vəzifələrdən danışmışlar. Respublika Hərbi Komissarı Əliağa Hüseynovun və Milli Məclisin deputatı Fəzail Ağamalının çıxışları maraqla qarşılanmışdır.
Prezidentin İcra Aparatının məsul işçisi Habil Əzənmədov şura iclasında iştirak etmişlər.
Sonda iclas iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.