Ötən il “Kapital Bank” müştərilərindən 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısı alınıb
Bakı, 22 aprel, AZƏRTAC
"Kapital Bank" 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin qarşısını alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kapital Bank”ın Baş Risk İnzibatçısı Ağarza Baxşiyev bankın ötən ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb.
“2024-cü illə müqayisədə ötən il rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da artıb. Xüsusilə sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. “Kapital Bank” adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb. Ötən il "Birbank" mobil tətbiqinə gətirilən yenilik dələduzlarla mübarizədə effektiv nəticə verib. Kiberdələduzluqla mübarizədə atdığımız ən vacib addımlardan biri "Birbank" mobil tətbiqi ilə bağlı oldu. Biz müştərilərimizə zəng edən şəxsin bankımızın əməkdaşı olub-olmadığını yoxlamaq imkanı verdik. Yəni, artıq müştərilərimiz zəng zamanı özünü "Kapital Bank" əməkdaşı kimi təqdim edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq etmələrini tələb edə bilirlər. Əgər o həqiqətən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alır. Bank əməkdaşı olmayan şəxs isə bu bildirişi göndərə bilmir. Və artıq 10 min nəfərə yaxın vətəndaşımız bu xidmətdən yararlanaraq dələduzları ifşa edib, daha sonra isə məlumat üçün bankımıza zəng ediblər”, - deyə Ağarza Baxşiyev vurğulayıb.