Ötən il Şəmkirdə ümumi məhsul istehsalında kənd təsərrüfatı məhsullarının payı 70 faizi ötüb
Şəmkir, 19 iyun, AZƏRTAC
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin yeni inkişaf mərhələsinə keçidini təmin edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son illər ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət, regionların inkişafı üzrə dövlət proqramları və kənd təsərrüfatına göstərilən sistemli dəstək nəticəsində Şəmkir ölkənin aparıcı aqrar rayonlarından birinə çevrilib.
“2025-ci ildə rayonda 1 milyard 250 milyon manatlıq məhsul istehsal olunub və bu göstərici üzrə Şəmkir respublika üzrə ön sıralarda qərarlaşıb. Ümumi məhsul istehsalında kənd təsərrüfatının payı 70,6 faiz təşkil edib. Şəmkirin əlverişli iqlim şəraiti, münbit torpaqları, mövcud su ehtiyatları və formalaşmış istehsal ənənələri rayonun aqrar inkişafına mühüm üstünlüklər yaradır. Qarşıdakı mərhələdə müasir suvarma sistemlərinin genişləndirilməsi, intensiv bağçılığın inkişafı, emal müəssisələrinin yaradılması və ixracyönümlü istehsalın təşviqi əsas prioritetlər olacaq”, - deyə icra başçısı əlavə edib.