MƏDƏNİYYƏT
Özbəkistan mətbuatında Azərbaycan mirvarisi Göygöl haqında geniş materiallar verilib
Daşkənd, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki podrobno.uz və uchildiz.uz xəbər portalları Azərbaycanın mirvarisi Göygöl haqında geniş materiallar verib.
Məqalənin müəllifi Dəmir İsayev Azərbaycan torpağının bənzərsiz gözəlliklərlə məşhurluğunu, dünyada olan 11 iqlim qurşağının 9-unun Azərbaycanda olduğunu qeyd edir.
Yazıda bildirilir ki, burada yer kürəsinin yüksək dağlıq alp çəmənləri, subtropik, habelə yarımsəhra iqlimini eyni vaxtda müşayiət etmək mümkündür.
Materialda deyilir ki, əbədi qarla və buzlaqlarla örtülmüş Şahdağ və Murovdağ, yaz ətirli meşələr, habelə isti iqlimi ilə bir çox meyvə və tərəvəzin yetişdiyi Mil, Muğan, Şirvan çölləri, çay və sitrus bitkiləri ilə dünyada şöhrət qazanan dumanlı Talış dağları, daim küləkli Abşeron yarımadası bu diyarın necə rəngarəng olduğunu göstərir.
Azərbaycanda 250-ə qədər göl olduğunu yazan müəllif, ölkənin qərbində yerləşən Göygölü təbiətin möcüzəsi adlandırıb.
Deyilir ki, buranın flora və faunasının zənginliyinə həsəd aparmaq olar. Bir qayda olaraq Göygöl sərin suları, gölün təmiz və saf dağ havası, münasib iqlimi, nadir müalicəvi xüsusiyyətləri turistləri özünə cəlb edir.
Müəllif buranın havasının tənəffüs yolları və sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün şəfalı olduğunu vurğulayır.
Qeyd olunur ki, gözəl və zəngin təbiəti, flora və faunası Göygöl milli parkında ekoturizmin inkişafı üçün yaxşı zəmin yaradır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd