İQTİSADİYYAT
Özəl və dövlətə məxsus ixracatçı subyektlərin ixracla bağlı reytinqi tərtib edilib
![Özəl və dövlətə məxsus ixracatçı subyektlərin ixracla bağlı reytinqi tərtib edilib](/files/2022/3/1200x630/16724026155866754963_1200x630.jpg)
Bakı, 30 dekabr, AZƏRTAC
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-noyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, on bir ay üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda təmsil olan şirkətlərə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “MKT İstehsalat Kommersiya”, “Rose Servis”, “Almeyvə”, “Baku Steel Company”, “Mors Trading”, “P-Aqro”, “STP Alüminium”, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-lər daxildir.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda “AzerGold”, “Azərbaycan Hava Yolları” QSC-lər, “Azərenerji” ATSC, “Azərtütün” ASC, “Geofizika və Geologiya İdarəsi”, “Azərpambıq Aqrar Sənaye Kompleksi”, “Azəripək”, “SOCAR Polymer”, “Azəralüminium” MMC-lər kimi şirkətlər təmsil olunurlar.