“PAKİSTAN OBSERVER” QƏZETİNDƏ AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ ÇAP EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Pakistandakı Səfirliyinin təqdim etdiyi material əsasında “Pakistan Observer” qəzetinin 2008-ci il 26 iyun nömrəsində Azərbaycan Parlamentinin yaradılmasının 90-cı ildönümünə həsr edilmiş yubiley iclası ilə bağlı məqalə çap olunmuşdur.
Səfirlikdən bildirmişlər ki, məqalədə Pakistan nümayəndə heyətinin tədbirdə iştirakı, Azərbaycan Prezidenti ilə görüşü və digər məsələlərdən danışılır. Tədbir iştirakçılarının Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini, Şəhidlər xiyabanını ziyarət etməsi, nümayəndə heyətlərinin çıxışlarında Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin dəstəklənməsi də Pakistan oxucularına çatdırılmışdır.
Məqalədə Prezident İlham Əliyevin yubiley iclasındakı nitqində Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə söylədiyi fikirlərə geniş yer verilmişdir. Yazıda, həmçinin Azərbaycan dövləti başçısının Pakistan nümayəndə heyətinin rəhbəri, Senatın sədri Muhammadmian Sumro ilə görüşü zamanı ölkələrimizin yüksək əlaqələri, qarşılıqlı dəstəkdən faydalanmaları barədə səslənmiş fikirlər də öz əksini tapmışdır.
Səfirlikdən onu da bildirmişlər ki, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilmiş “Sivilizasiyaların dialoqunda qadınların rolu” mövzusunda beynəlxalq forumda Pakistanın bir qrup xanım senatorları iştirak etmişlər.
Xatırladaq ki, iyulun əvvəllərində Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri Azərbaycanda səfərdə olacaqlar.