Pakistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar tədbirlər keçirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstələri qoyulub və Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin anım günü ilə əlaqədar Pakistan Milli Kitabxanasında fəaliyyət göstərən Azərbaycan Mərkəzində səfir Xəzər Fərhadov tərəfindən Milli Kitabxananın rəhbərliyi və pakistanlı tələbələrə mühazirə oxunub.
Səfir hər il 12 dekabr tarixində Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünün anıldığını bildirib. X.Fərhadov Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdən söhbət açaraq, ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında və inkişafındakı əvəzolunmaz fəaliyyətindən bəhs edib.
Çıxışında Azərbaycan-Pakistan münasibətlərinə toxunan səfir iki ölkə arasındakı əlaqələrin inkişafının təməlinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb və Ulu Öndərin Pakistana səfəri barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Sonda Heydər Əliyevin həyatı və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Həmin gün Ümummilli Lider Heydər Əliyevin xatirəsinə aztəminatlı ailələrin övladlarının təhsil aldığı “Camia Qasamia” mədrəsə-məscid kompleksində ehsan süfrəsi təşkil olunub.