Pakistanın aparıcı texnologiya şirkəti Azərbaycanda potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparıb
Bakı, 20 oktyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə Azərbaycana səfər edən Pakistanın aparıcı texnologiya şirkəti “NETS” bir sıra yerli qurumlarda görüş keçirib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, “NETS” şirkətinin nümayəndələri ilə “SABAH.HUB” akseleratoru, “NEQSOL Holding” və “R-GROUP Holding”in rəhbərliyi arasında bir sıra görüşlər baş tutub.
Görüşlər əsnasında innovasiya və texnologiya sahələrində potensial əməkdaşlıqların, bilik və təcrübə mübadilələrinin həyata keçirilməsi istiqamətlərində müzakirələr aparılıb.
Qeyd edək ki, “NETS” rəqəmsal idarəetmə, kibertəhlükəsizlik və korporativ verilənlər şəbəkəsi istiqamətlərində texnologiyaların inteqrasiyasını özündə birləşdirən kompleks həllər və xidmətləri təklif edir.