Pakistanlı ekspert: BƏƏ-nin Bakı ilə əməkdaşlığı yeni enerji xəritəsinin formalaşmasında mühüm vektordur
Bakı, 5 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxmaq qərarı təkcə neft siyasətində institusional qopmanı deyil, həm də illərdir formalaşmaqda olan üçbucaqlı strukturun tamamlanmasını ifadə edir. Bu strukturda Əbu-Dabi artıq Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hasilatçılar klubunun sadəcə intizamlı bir üzvü deyil, Ər-Riyadın regional çəkisi, Vaşinqtonun təhlükəsizlik arxitekturası və Asiyanın (ilk növbədə Çin və Hindistanın) tələbata əsaslanan iqtisadi gələcəyi arasında balans yaradan çevik bir güc kimi çıxış edir. Burada “məhəbbət üçbucağı” metaforası ona görə yerindədir ki, o, rəsmi diplomatik dilin çox vaxt gizlətdiyi məqamı - qlobal siyasətin nadir hallarda yalnız loyallıq üzərində qurulduğunu əks etdirir.
Bu barədə AZƏRTAC-a Avrasiya əlaqələri, resurs diplomatiyası və dayanıqlı inkişaf sahəsində ixtisaslaşan Pakistanın geoiqtisadiyyat üzrə analitiki, politoloq İmran Bhatti bildirib.
Onun sözlərinə görə, siyasət təsir rıçaqları, vaxtın düzgün seçilməsi və eyni anda bir neçə güclü tərəfdaşın investisiya marağını qoruyub saxlamaq bacarığı üzərində qurulur.
“Bu addımın əhəmiyyətini dərk etmək üçün OPEC-in ilkin məqsədindən başlamaq lazımdır. 1960-cı ildə təsis edilmiş bu təşkilat neft siyasətini əlaqələndirmək və qiymətlərin sabitliyini təmin etmək üçün nəzərdə tutulmuşdu. BƏƏ 1967-ci ildə təşkilata qoşulub və onun neft strategiyası demək olar ki, altı onillik ərzində OPEC-in institusional DNT-sinə daxil olub. Təşkilatdan bu il mayın 1-dən qüvvəyə minən çıxış strateji seçimdir. Xüsusən də BƏƏ-nin əhəmiyyətli ehtiyat güclərə malik olan azsaylı üzvlərdən biri olduğunu nəzərə alsaq, bu addım OPEC-in qlobal təklif üzərindəki nəzarətini zəiflədir. Bu, sıradan bir oyunçunun gedişi deyil; bu, bazar nəticələrini dəyişmək üçün texniki və maliyyə potensialına malik olan əsas hasilatçının gedişidir. Dəyişən “məhəbbət üçbucağı” daxilində BƏƏ-nin Azərbaycanla münasibətlərinin dərinləşməsi əmirliklərin enerji keçidi və geosiyasi manevrləri üçün ən mühüm şimal vektoru rolunu oynayır. BƏƏ “enerji gücü” anlayışını OPEC kartelindən kənarda yenidən müəyyən etməyə çalışdığı bir vaxtda onların Bakı ilə əməkdaşlığı - ilk növbədə “Masdar” və SOCAR şirkətləri arasındakı strateji tərəfdaşlıq -transregional bağlılığa can atdıqlarını vurğulayır”, - deyə ekspert qeyd edib.
İmran Bhatti qeyd edib ki, Azərbaycan da bir çox cəhətdən BƏƏ kimi “tərəddüd edən dövlət” (swing state) mövqeyini tutur, Avropanın enerjiyə olan tələbatı (Cənub Qaz Dəhlizi vasitəsilə) ilə regional güclərlə mürəkkəb əlaqələri arasında balans yaradır. Azərbaycanın bərpaolunan enerji potensialına böyük vəsait yatırmaqla (Günəş və külək enerjisi layihələrində ilkin olaraq 4 QVt gücə nail olmaq məqsədilə), BƏƏ təkcə öz portfelini şaxələndirmir. Əbu-Dabi Xəzər regionunu Avropa İttifaqı ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi”nin əsas memarlarından biri kimi prosesə daxil olur. Bu əlaqə əmirliklərə öz təsirini Avrasiya materikinə yaymağa imkan verir və faktiki olaraq “üçbucağı” OPEC-in ənənəvi məhdudiyyətlərindən kənarda fəaliyyət göstərən daha mürəkkəb bir “güclər çoxbucaqlısına” çevirir.
Pakistanlı ekspert əlavə edib ki, hasilat sahəsindəki ambisiyalarla kvota intizamı artıq bir-biri ilə uyğun gəlmir. BƏƏ-nin ADNOC şirkəti 2027-ci ilə qədər aşağı karbonlu neft hasilatı gücünü gündəlik 5 milyon barrelə çatdırmağı planlaşdırır. Bu resursların monetizasiyasını məhdudlaşdıran kvota sistemi çərçivəsində qalmaq artıq strateji mənasını itirir. Burada daha dərin bir məntiq də var: “sonuncu böyük monetizasiya” prinsipi. Əbu-Dabi enerji keçidinə hazırlaşmaqla yanaşı, rəqabətədavamlı karbohidrogen aktivlərindən maksimum mənfəət əldə etməyə çalışır. BƏƏ-nin 2050-ci ilə qədərki enerji strategiyası bərpaolunan mənbələrin payını üç dəfə artırmağı və “Masdar” şirkəti vasitəsilə 2030-cu ilə qədər 100 QVt təmiz enerji gücünə çatmağı hədəfləyir. Bu, “enerji gücü” hüdudlarının necə genişləndiyinin nümayişidir.
“Səudiyyə Ərəbistanı Körfəzdəki neft nizamının köhnə lövbəri olaraq qalır; Birləşmiş Ştatlar əvəzolunmaz təhlükəsizlik qarantıdır; Çin isə BRICS və geniş Asiya bazarı ilə birlikdə enerji tələbatının və infrastrukturun gələcək qütbünü təmsil edir. BƏƏ hər üç tərəf arasında hibrid bir “tərəddüd edən dövlət” kimi mövqe tutur. Onların Ər-Riyadla münasibətləri kapital və istedadlar uğrunda böyüyən bir rəqabətə çevrilir. Vaşinqtonla münasibətlər həyati əhəmiyyətini qoruyur, lakin transaksional xarakter alır. Bu, asılılıqdan çox, bir növ sığorta polislidir. Eyni zamanda, Çin təkcə neft almır o enerji saxlama texnologiyaları, hidrogen və elektromobillər vasitəsilə gələcək nəsil enerji ekosisteminə daxil olur”, - deyə ekspert bildirib.
İmran Bhatti vurğulayıb ki, risklərin sığortalanmasına dair sübutlar realdır. Hindistanın neft üçün ilk ödənişi rupi ilə etməsi və maye qaz (LNG) ticarətində yuanla hesablaşmalar alternativ valyutaların beynəlmiləlləşdirilməsi istiqamətində davamlı səyləri vurğulayır. Bu hadisələr petrodolların mövqeyini bir gecədə sarsıtmayacaq, lakin seçim imkanının və ehtiyat mexanizmlərin yaradılmasını normallaşdırır: “Uzunmüddətli nəticələrə struktur baxımından zəifləmiş OPEC və bazar payı uğrunda artan rəqabət daxildir. Səudiyyə Ərəbistanı sistemin yeganə “qalıq stabilizatoru” kimi təcrid olunmuş vəziyyətə düşə bilər. Körfəz dövlətləri artıq vahid blok məntiqi ilə hərəkət etmirlər; onlar konkret maraqlara əsaslanan ittifaqlar qururlar. Pakistan üçün bu, birbaşa enerji təhlükəsizliyi, pul köçürmələri və diplomatik tənzimləmələrə aiddir. Birləşmiş Ərəb Əmirliklərinin - “Biz - BƏƏ 2031” proqramı çərçivəsində logistika, maliyyə və texnologiya mərkəzinə çevrilir. İslamabad regional ödəniş sistemləri təcrübələrini öyrənməli və özünü sadəcə işçi qüvvəsi ixracatçısı kimi deyil, ərzaq təhlükəsizliyi, liman bağlılığı və rəqəmsal infrastruktur sahəsində tərəfdaş kimi təqdim etməlidir”.
Sonda pakistanlı ekspert bildirib ki, “məhəbbət üçbucağı” metaforası bu gün hakimiyyətin eyni anda bir neçə sistemin mərkəzində qala bilənlərə məxsus olduğunu təsdiqləyir. OPEC-i tərk etməklə BƏƏ hasilat, ticarət və diversifikasiya azadlığına can atdığına dair siqnallar verir. Bu, Körfəz dövlətlərinin təsirinin daha çevik və mürəkkəb mərhələsinin başlanğıcıdır. Gələcək daxili siyasətin ardıcıllığını itirmədən, strateji çeviklik və çoxqütblü dünya ilə qarşılıqlı əlaqə qurmaq bacarığı ilə formalaşacaq.