PARİSDƏ YENİYETMƏLƏRİN 7-Cİ AVROPA OLİMPİYA FESTİVALI AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Parisdən xəbər verir ki, fəxri qonaqlar üçün ayrılmış tribunada Parisin meri Bertran Dölanoy, Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante, olimpiadanın təşkilat komitəsinin sədri Jak Bravo, Fransanın idman naziri Jan-Fransua Lamur, digər rəsmi şəxslər və tanınmış idmançılar əyləşmişdilər.
Mərasim Paris haqqında mahnının sədaları altında açılmışdır. Stadiona əvvəlcə olimpiya oyunlarının vətəni Yunanıstanın komandası daxil olmuşdur. Bir neçə komandadan sonra Azərbaycan komandası stadiona daxil olarkən mərasimdə iştirak edən azərbaycanlı tələbələr və Fransada yaşayan soydaşlarımız idmançılarımızı hərarətlə salamlamışlar. Stadionun bir neçə yerində üçrəngli bayrağımız dalğalanır, “Yaşasın Azərbaycan!”, “Azərbaycana eşq olsun!” nidaları eşidilirdi.
Türkiyə Olimpiya Komitəsinin yenicə vəfat etmiş prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir və Türkiyənin bayrağı bir anlığa endirilmişdir.
Avropa Olimpiya Komitəsinin prezidenti M.Peskante və 7-ci olimpiya festivalının təşkilat komitəsinin sədri Jak Bravo idmançıları salamlamış və xalqların bir-birinə yaxınlaşmasında, ölkələr arasında dostluq əlaqələrinin inkişafında idmanın böyük rolunu qeyd etmişlər.
Fransanın idman naziri J.F.Lamur olimpiadanın açılışını elan etdi. Olimpiya himninin sədaları altında olimpiya bayrağı qaldırıldı və məşəli yandırıldı, “Marselyoza” oxundu.
Təntənəli açılış mərasimi əyləncəli idman və rəqs proqramları, atəşfəşanlıqla sona çatdı.
Maraqlı faktdır ki, say etibarilə ən böyük nümayəndə heyəti Fransanın (146 nəfər), ən kiçiyi isə Monako və San-Marinonundur (hər biri 4 nəfər). Oyunları 85 hakim idarə edəcəkdir.
Fransa Prezidenti Jak Şirakın himayəsi ilə keçirilən olimpiadada Avropanın 48 ölkəsindən 2. 756 nümayəndə iştirak edir. 1857 idmançı idmanın 10 növü üzrə yarışlarda qələbə uğrunda mübarizə aparacaqlar. Olimpiadada ilk dəfə iştirak edən ölkəmizin komandasının 32 üzvü cüdo, üzgüçülük, stolüstü tennis, yüngül atletika və velosipedsürmə yarışlarında respublikamızın idman şərəfini qoruyacaqlar.