Parisin “Orly” aeroportu fəaliyyətini qismən bərpa edib
Bakı, 24 iyun, AZƏRTAC
Fransanın “Orly” beynəlxalq aeroportu COVID-19 pandemiyası ilə əlaqədar yaranan uzun fasilədən sonra bu gün fəaliyyətini qismən bərpa edib.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, aeroport hələlik reyslərin çox az hissəsini - sutkada 70 uçuş və eniş həyata keçirir. Koronavirusla bağlı böhrandan öncə reyslərin sayı sutkada 600-dən çox olurdu. Hava limanı sutka ərzində 90 minə yaxın sərnişinə xidmət edirdisə, indi bu həcmin yalnız 10 faizi bərpa olunacaq.
“Orly” aeroportunun fəaliyyəti martın 31-də koronavirus infeksiyasının yayılması ilə bağlı məhdudiyyətlər çərçivəsində dayandırmışdı.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 16:30-a olan məlumatına əsasən, dünyada 9 milyon 385 min 295 yoluxma və 480 min 437 ölüm faktı qeydə alınıb, 5 milyon 73 mindən çox xəstə sağalıb.
Fransada koronavirusa yoluxanların sayı 161 min nəfəri ötüb, 29 min 720 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Hazırda müalicə alan 56 min 676 xəstədən 682 nəfərin vəziyyəti ağır qiymətləndirilir.