Paytaxt məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd olunub
Bakı, 20 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Ana Dili Gününün məktəblərdə qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin saflığının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin əsas prinsiplərini diqqətə çatdırmaq, Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaq, dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaqdan ibarətdir.
Tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib. Bildirilib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri var. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətdə ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutur.
Məktəblərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.