ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində zərərli vərdişlərə qarşı maarifləndirmə
Bakı, 22 dekabr, AZƏRTAC
Ümumi təhsil müəssisələrinin şagirdləri ilə narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə dair maarifləndirici görüşlər keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və sağlamlığa vurduğu ziyanlarla bağlı təbliğat aparmaq, məktəbliləri belə neqativ əməllərdən çəkindirmək, onların təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
Yasamal, Nərimanov, Sabunçu, Xətai və Nəsimi rayon məktəblərini əhatə edən görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Bakı Şəhər İcra Hakimiyyətinin və Respublika Narkoloji Mərkəzinin nümayəndələri, məktəb rəhbərləri və psixoloqlar iştirak ediblər.
Çıxış edən qonaqlar narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri barədə danışıblar.
Daha sonra iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara “Narkotiklər haqqında həqiqəti bilin”, “Psixotrop maddələr haqqında həqiqət” adlı əyani vəsaitlər və broşürlər təqdim edilib.