ELM VƏ TƏHSİL
Paytaxtda 2 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO
Bakı, 6 sentyabr, AZƏRTAC
Paytaxtın Xətai rayonunda 116 və 257 nömrəli körpələr evi-uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bu münasibətlə təşkil olunan tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova çıxış edərək “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən birinin məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasından ibarət olduğunu diqqətə çatdırıb. Uşaq bağçalarının fəaliyyətinə uğurlar arzulayan şöbə müdiri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işlərinin davamlı olaraq həyata keçirildiyini deyib.
Tədbirdə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, infrastrukturun davamlı olaraq yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün şəraitin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyü qeyd edilib.
Yeni istifadəyə verilən 116 nömrəli körpələr evi-uşaq bağçasında 4 qrup, 257 nömrəli körpələr evi-uşaq bağçasında isə 12 qrup fəaliyyət göstərir. Ümumilikdə 2 uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 34 tərbiyəçi, 20 texniki işçi məşğul olur.