Paytaxtın Badamdar qəsəbəsində avtomobildə mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb
Bakı, 17 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Bakının Səbail rayonu, Badamdar qəsəbəsində Ağcabədi rayon sakini İmanov Emin Elxan oğluna məxsus 50-DD-405 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yük hissəsinə baxış keçirilib.
Baxış zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena tələbləri ciddi şəkildə pozularaq, antisanitar şəraitdə mənşəyi məlum olmayan və orqanoleptik göstəriciləri şübhə doğuran təxminən 85-90 kiloqram iribuynuzlu heyvan cəmdəyinin daşındığı aşkarlanıb. Vətəndaş həmin məhsulları yaxınları üçün İmişli rayonunda fəaliyyət göstərən heyvan bazarından aldığını bildirib. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Məhsullar saxlanca verilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, zəruri qida məhsulu olan ət və ət məhsullarının texniki-normativ hüquqi aktların uyğunluğu təmin olunmadan istifadə edilməsi mövcud qanunların tələblərinin pozulması ilə yanaşı, ciddi qida təhlükəsizliyi riskinin yaranmasına səbəb ola bilər. İstehlakçılara heyvan və heyvan mənşəli məhsullar alarkən diqqətli olmaq, baytarlıq sənədini tələb etmək tövsiyə olunur.