CƏMİYYƏT
Paytaxtın Suraxanı rayonunda fəaliyyət göstərən kərpic zavodunun atmosfer havasını çirkləndirdiyi aşkar edilmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsi ərazisində yerləşən “Bakı Tikinti Materialları” ASC-yə məxsus kərpic istehsal edən zavodun fəaliyyəti nəticəsində atmosfer havasının çirklənməsi ilə bağlı daxil olan şikayət məktubu yerində araşdırılmışdır.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı kərpic zavodunun qaz-toz tutucu qurğularının istismar qaydalarının ciddi surətdə pozulması səbəbindən atmosfer havasının normadan artıq çirklənməsinə yol verildiyi, tikinti tullantılarının düzgün idarə olunmadığı müəyyən edilmişdir.
Bununla yanaşı, ASC-yə məxsus ərazinin ayrı-ayrı fiziki şəxslərlə bağlanmış müqavilə əsasında tikinti materiallarının pərakəndə satışı üçün icarəyə verildiyi, qum və çınqılın səpələnmiş halda açıq havada yerləşdirildiyi, nəticədə küləkli hava şəraitində tozun göyə sovrularaq ətrafa yayıldığı qeydə alınmışdır.
Faktlarla bağlı ASC-nin İdarə Heyətinin sədri Ramiz Həsənov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 2500 manat məbləğində cərimələnmişdir.
Eyni zamanda, müəssisəyə məxsus ərazinin bir hissəsinin qanunsuz tullantılar poliqonuna çevrildiyi müəyyən edilmişdir. Həmin əraziyə qeyri-qanuni tullantı daşıdıqlarına görə sürücülər Məstalı İsmayılov və Etibar Muradov barəsində protokol tərtib olunaraq hər biri 700 manat məbləğində cərimə edilmişdir.
Əraziyə tullantı daşıyan digər sürücülərin şəxsiyyətlərinin təyin olunması üçün Suraxanı Rayon Polis İdarəsinə məktub göndərilmişdir. Həmçinin qanunsuz fəaliyyət göstərən tikinti materialları bazarının fəaliyyətinin dayandırılması, tullantıların qanunsuz şəkildə ərazidə yerləşdirilməsinin qarşısının alınması məqsədi ilə təcili tədbirlərin görülməsi üçün Suraxanı və Xətai rayonlarının icra hakimiyyətlərinə məktubla müraciət olunmuşdur.