Pedaqoji Universitetin Quba filialından 10 ixtisas üzrə 250 tələbə məzun olub
Quba, 25 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialından 10 ixtisas üzrə 250 tələbə məzun olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Məzun günü”nün iştirakçıları əvvəlcə Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin əziz xatirəsini hörmət və ehtiramla anıblar.
Qubadakı Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında yerləşən “Yaşıl teatr”da keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
XXXI məzun buraxılışı tədbirində ADPU-nun Quba filialının direktoru professor Yusif Aliyev məzunları təbrik edərək, müəssisənin strateji hədəflərindən, təhsilin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal əmək bazarının tələblərinə cavab verən peşəkar kadr hazırlığından ətraflı bəhs edib.
Son illər filialda əldə edilən uğurlar, tələbə-məzunların nailiyyətləri, magistratura imtahanlarında göstərdikləri nəticələr, filialın elmi və beynəlxalq uğurları, əməkdaşlıqları haqqında məlumatları diqqətə çatdırılıb. Bildirilib ki, son illərdə filiala qəbul dinamikasında yüksək bal toplayanlar ümumi qəbul faizinin təxminən 50 faizə qədərini təşkil edib.
Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov regionun davamlı inkişafında savadlı gənclərin rolunu vurğulayıb, filialın son illərdə beynəlxalq tərəfdaşlıq və innovativ layihələr sahəsində qazandığı uğurların diqqət mərkəzində olduğunu bildirib. ADPU-nun Quba filialının bölgə üçün ən dəyərli təhsil və elm ocağı olduğu qeyd olunub.
Mərasimdə ADPU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Asəf Zamanov pedaqogika elminin müasir texnologiyalarla vəhdətindən bəhs edib.
Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Azər Badamov isə çıxışlarında müəllimlik missiyasının dövlətçilik ənənələrinin qorunmasındakı rolundan danışıblar.
Məzunlar adından çıxış edən Asiman Ramazanova və valideyn Elçin Nuriyev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin universitet rəhbərliyinə və professor-müəllim heyətinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Yüksək akademik göstəriciləri ilə fərqlənən məzunlara və filialın səmərəli elmi-pedaqoji fəaliyyət göstərən müəllimlərinə fəxri fərmanlar təqdim olunub.
"Məzun günü" bədii hissə ilə davam edib.