Penitensiar Xidmətin müəssisələrində narkotiklərin insan orqanizminə məhvedici təsirinə dair tədbirlər keçiriləcək
Bakı, 18 mart, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq cəzaçəkmə müəssisələrində antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2020-ci il üçün birgə Tədbirlər Planı imzalanıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.
Tədbirlər Planında keçirilməsi nəzərdə tutulan tədbirlərin mövzusu, icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib. 2021-ci il ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında və müəssisələrində əməkdaşlar üçün təlimlər, cəzaçəkən məhkumlar arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi mövzusunda, eləcə də müvafiq videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Penitensiar müəssisələrdə, Mühafizə alayında və Konvoy taborunda keçiriləcək tədbirlər, məhkumlarla aparılan tərbiyə olunması prosesində, eyni zamanda, müddətli həqiqi hərbi xidmət keçən əsgərlər arasında maarifləndirmə və antinarkotik təbliğat işinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.