PENİTENSİAR XİDMƏTİN MÜHAFİZƏ ALAYINDA ƏLBƏYAXA DÖYÜŞ YARIŞLARINA YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş əlbəyaxa döyüş üzrə yarışa yekun vurulmuşdur.
Yarışın final mərhələsini Xidmətin rəhbərliyi, ölkədə fəaliyyət göstərən əlbəyaxa döyüş növləri üzrə federasiyaların təmsilçiləri, incəsənət kollektivlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişlər.
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Nazim Ələkbərov tədbir iştirakçılarını salamlayaraq ölkəmizdə idmanın inkişafına göstərilən qayğının təzahürü kimi penitensiar sistemdə də bu sahədə irəliləyişin olduğunu qeyd etmişdir. O xüsusilə vurğulamışdır ki, penitensiar xidmətdə çalışan əməkdaşların fiziki sağlamlığına diqqət yetirilir, şəxsi heyətin yeni idman nailiyyətlərinin əldə olunması üçün lazımi şərait yaradılır. Bunun nəticəsidir ki, Mühafizə Alayının əməkdaşlarından mayor Elman Qazıbəyov və baş leytenant Ceyhun Hüseynov kikboksinq və ciu-cidsu kimi şərq əlbəyaxa döyüş növləri üzrə dünya və Avropa çempionatlarının mükafatçıları olmuşlar.
Yeddi müxtəlif çəki dərəcəsində keçirilən final mərhələsində Mühafizə Alayının tərkibində yeni təşkil olunmuş xüsusi təyinatlı bölüyün əsgərləri xüsusilə fərqlənmiş və 6 çəki dərəcəsində yarışın qalibi olmuşlar. Yarışın qalibləri - əsgərlər Rəşad Kərimov, Elnar Cəfərov, Elməddin Əhmədov, Səid Zingirov, Ramil Almuradov, Mahir Məmmədov və Qismət Qurbanova mükafatlar təqdim olunmuşdur.
Yarışın baş hakimi olmuş Beynəlxalq Döyüş Sistemləri Assosiasiyasının Qafqaz üzrə rəsmi nümayəndəsi, beynəlxalq dərəcəli hakim Rəsul Məmmədov tədbirin sonunda ədliyyə general-mayoru Nazim Ələkbərova penitensiar sistemdə əlbəyaxa döyüş növlərinin inkişafına göstərdiyi diqqətə görə təmsil etdiyi qurumun fəxri diplomunu təqdim etmişdir.