Pərvin Kərimzadə: Xalqımızın sarsılmaz birliyi bütün viruslardan, şər qüvvələrdən güclüdür
Bakı, 14 aprel, AZƏRTAC
Artıq 3 aya yaxındır ki, yer kürəsinə qara kabus kimi çökən koronavirus pandemiyası can almaqda davam edir. Sərhəd tanımayan virus dünyanın 170-dən çox ölkəsinə ayaq açıb, bir milyondan çox insanın sağlamlığını təhlükə ilə üz-üzə qoyub. ABŞ, Çin, İran, İtaliya, Fransa, İspaniya kimi nəhəng dövlətlər gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər verib, koronavirusun nə qədər təhlükəli olduğu acı reallığın nümunəsi olublar.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Deputat qeyd edib ki, bu qorxunc virus dünyanı ağuşuna almağa başladığı ilk gündən Azərbaycan dövləti koronavirusla mübarizədə profilaktik və preventiv xarakteri ilə seçildi, ən optimal və effektli tədbirlər görən ölkə kimi nümunə oldu. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan hökuməti koronavirus böhranının təsirlərini azaltmaq üçün bütün zəruri tədbirləri həyata keçirdi, çox ciddi addımlar atdı. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamaları da Azərbaycanın virusa qarşı ilk gündən ən doğru mübarizə metodunu seçdiyini, eyni zamanda, sosial bir dövlət olmasını dünyaya nümayiş etdirdi.
“Sərəncamların imzalanması, vəsaitin ayrılması, sərhədlərin bağlanması, uçuşların dayandırılması, elektron vizaların ləğv edilməsi, məktəb və universitetlərdə tədrisin onlayn rejimdə keçirilməsi, kütləvi tədbirlərin ləğvi, xüsusi karantin rejiminin tətbiqi, ölkənin ən müasir klinikasının koronavirus infeksiyasından əziyyət çəkən insanların istifadəsinə verilməsi... Eyni zamanda, respublikanın bütün bölgələrində küçələrdən tutmuş, evlərə qədər hər yerdə dezinfeksiya işlərinin aparılması, müasir laboratoriyaların qurulması kimi zəruri tədbirlərin həyata keçirilməsi Prezident İlham Əliyevin “Bizim siyasətin mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı dayanır” sözlərinin daha bir təsdiqi oldu”, -deyə Pərvin Kərimzadə vurğulayıb.
Virusun ölkəmizdə yayılmasını minimallaşdırmaq və bu bəladan az itki ilə çıxmaq məqsədilə dövlətimizin başçısının gördüyü bütün tədbirlərə diqqət yetirən deputat bildirib ki, çətin bir dönəmdən keçdiyimiz bir zamanda Azərbaycan vətəndaşının həmrəyliyi daha da gücləndi. Hər kəs dünyada baş verənləri müşahidə etdi və digər dövlətlərdə baş verən yoluxma, ölüm faktlarının dəhşətli mənzərəsi ilə müqayisədə dövlətimizin başçısının bu problemə həssas münasibəti, siyasi iradəsi sayəsində ölkəmizdə koronavirusun yayılmasının, insan tələfatının aşağı səviyyədə olduğunun şahidi oldu. 2016-cı ilin Aprel qələbəsində, Soçi, Münxen zəfərlərində, zəlzələlərdə, daşqınlarda, beynəlxalq tədbirlərinin ölkəmizdə təşkilində birlik nümayiş etdirən xalqımız koronavirus pandemiyası ilə mübarizədə də Prezident İlham Əliyevin tutduğu düzgün və uzaqgörən mövqeyinə, iti zəkasına sığınaraq, bəşəri bəlanı birlikdə dəf edir.
“Təəssüflər olsun ki, indiki məqamda bütün xalq koronavirus infeksiyası ilə mübarizəyə qalxdığı zamanda xarici havadarlarının arxasında gizlənən “beşinci kolon” adlanan qüvvələr çirkin niyyətlərindən əl çəkmirlər. BMT-nin Baş Katibinin, ÜST-ün icraçı direktorunun, digər beynəlxalq qurumların Azərbaycanda koronavirusla mübarizə işində dövlətin gördüyü işlərə yüksək qiymət verdikləri halda müxalifətin marginallaşan hissəsi yenə də öz ampluasındadır. Belə bir vaxtda da xaricdəki anti-Azərbaycan qüvvələr, yerlərdəki trollar öz pozuculuq fəaliyyətləri ilə ölkəmizdə pandemiyaya qarşı aparılan tədbirlərə kölgə salmağa çalışır, məkirli planlarını reallaşdırmağa cəhd edirlər.
Bu gün hər kəs əmindir ki, tarixi sınaqlardan şərəflə, üzüağ çıxmış birliyimiz sayəsində xalqımız koronavirus pandemiyası ilə mübarizədən minimum itki ilə çıxacaq. Çünki Azərbaycan xalqının sarsılmaz birliyi bütün viruslardan, şər qüvvələrdən, anti-Azərbaycan qüvvələrdən, güclüdür”, - deyə Pərvin Kərimzadə qeyd edib.