Peşə Təhsil Mərkəzində “Xocalı bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda tədbir keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalı bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən rəsm və əl işlərindan ibarət sərgiyə baxış keçirilib. Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində Qələbə çalaraq Xocalı qurbanlarının və şəhidlərimizin intiqamını aldı. Lakin illər ötsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək.
Daha sonra 44 günlük Vətən müharibəsində iştirak edən Peşə Təhsil Mərkəzinin əməkdaşları keçdikləri döyüş əməliyyatları barədə xatirələrini bölüşüblər.
Sonda Xocalı faciəsindən bəhs edən videoçarx və tələbələrin ifasında ədəbi bədii-kompozisiyalar nümayiş olunub.