Peşə təhsili sistemində işəgötürənlərlə əməkdaşlıq imkanları yaradılır
Bakı, 17 mart, AZƏRTAC
Peşə təhsili sistemində işəgötürənlərlə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib. Tədbirdə ölkəmizdə peşə təhsili sahəsində görülən işlər, işəgötürənlərlə əməkdaşlıq istiqamətləri haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, peşə təhsili sistemində dövlət-özəl sektor əməkdaşlığının səmərəli qurulması bu tədris pilləsində əldə olunacaq nailiyyətlərdə əsas rol oynayır.
Tədbirdə, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Bridge group of companies” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun əsas məqsədi tikinti və inşaat, restoran və hotel, xidmət, əmlakların idarə edilməsi, kənd təsərrüfatı, yanacaq təchizatı və logistika istiqamətləri çərçivəsində təcrübə və bacarıqların artırılması, kadr hazırlığının təşkil edilməsi, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir. Memorandumda, həmçinin müxtəlif istiqamətlər üzrə tədris planları və proqramların birgə hazırlanması da nəzərdə tutulur.
Sənəd tərəflər arasında müəyyənləşdirilmiş qaydalara uyğun olaraq təhsilalanların müvafiq istiqamətlər üzrə təcrübə proqramlarına cəlb edilməsi, onların bilik və bacarıqlarının qiymətləndirilməsində biznes tərəfdaşlarının iştirakını özündə ehtiva edir. Razılaşmaya əsasən, məzunların məşğulluq imkanlarının dəyərləndirilməsi, eləcə də razılaşdırılmış istiqamətlərdə, həmçinin perspektiv imkanlar üzrə işgüzar əlaqələrin yaradılması planlaşdırılır.