ELM VƏ TƏHSİL
“Peşəkar” layihəsi çərçivəsində işsiz şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr tədris olunacaq
![“Peşəkar” layihəsi çərçivəsində işsiz şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr tədris olunacaq](/files/2021/2/1200x630/1626420620447644851_1200x630.jpg)
Bakı, 16 iyul, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyi yeni “Peşəkar” layihəsinə start verir. “Peşə öyrən, işsiz qalma” devizi ilə başlanılan layihə çərçivəsində işsiz və işaxtaran şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr tədris olunacaq və müxtəlif idarə və təşkilatlarla əməkdaşlıq şəraitində həmin şəxslərin işlə təmin edilmələrinə dəstək göstəriləcək.
“Peşəkar” layihəsi çərçivəsində ilk belə əməkdaşlıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə qurulacaq. Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin və iştirakçılarının məşğulluq imkanlarının artırılması məqsədilə informasiya texnologiyaları sahəsi üzrə birgə təlim kursu keçiriləcək.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, kurslar Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında universitetin nəzdində təsis edilən və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının dəstək verdiyi İsrail-Azərbaycan Təlim Mərkəzində təşkil olunacaq.
Layihəyə müraciət edən şəxslər, ilk növbədə, peşə bacarıqlarının müəyyən olunması məqsədilə baza təlimlərinə cəlb ediləcəklər. Daha sonra isə 6 aylıq kurs müddətində benefisiarlara İT sahəsi üzrə müvafiq biliklər tədris olunacaq. Layihə çərçivəsində iştirakçılara cəmiyyətə inteqrasiya olunmaları üçün sosial adaptasiya mövzusunda qısamüddətli təlimlərin keçirilməsi nəzərdə tutulub.
Kursu müvəffəqiyyətlə bitirən şəxslərə Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq sertifikat veriləcək və işlə təmin olunmalarına dəstək göstəriləcək.