Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinin yekun nəticələri açıqlanıb
Bakı, 25 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 17-də keçirilmiş peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) üzrə yekun nəticələr elan olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, namizədlər imtahanı başa vurduqdan dərhal sonra qapalı tipli test tapşırıqları üzrə nəticələri ilə tanış olmaq imkanı əldə etmişdilər. Hazırda isə yazılı cavab tələb edən açıq tipli tapşırıqların nəticələri də qiymətləndirilərək yekun imtahan nəticələri təqdim edilib. İştirakçıları imtahan nəticələrini DİM-in rəsmi internet səhifəsindən öyrənə bilərlər.
İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə, həmçinin İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və II səviyyə peşəkar mühasib sertifikatlarını əldə etmək istəyən namizədlər üçün təşkil olunub.
İmtahanda 665 nəfər iştirak edib. Nəticələrə əsasən, 339 namizəd müvəffəqiyyət qazanıb.
Namizədlərin biliklərinin qiymətləndirilməsi məqsədilə imtahanda 40 tapşırıq təqdim olunub. Bunlardan 35-i qapalı, 5-i isə açıq tipli olub. Maksimum nəticə 100 bal təşkil edib. Qapalı tipli tapşırıqların 20-si 1, 15-i isə 2 balla qiymətləndirilib. Açıq tipli tapşırıqların hər biri 10 bal dəyərində olub.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyən şəxslər müraciətlərini iyunun 26-dan 30-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Müraciətə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi tələb olunur.
Müvəffəqiyyət şərtlərinə əsasən, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə II səviyyə peşəkar mühasib sertifikatlarını əldə etmək üçün namizədlər imtahanın hər iki mərhələsindən ayrıca olaraq ən azı 50 bal toplamalıdırlar. Bundan başqa, imtahanın birinci mərhələsindən 35-49 bal, ikinci mərhələsindən isə azı 35 bal toplayan, yaxud birinci mərhələdən azı 35 bal, ikinci mərhələdən isə 35-49 bal nəticə göstərən namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I səviyyə peşəkar mühasib sertifikatı əldə etmək hüququ qazanırlar.
DİM sertifikat əldə etmiş namizədlərin diqqətinə çatdırıb ki, müvafiq sənədlər hazır olduqdan sonra bu barədə əlavə məlumat veriləcək.