Peşələr Festivalında 70 minə yaxın şəxs iştirak edib YENİLƏNİB
Bakı, 4 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə təşkil edilən Peşələr Festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı şəhərində Festivalın yekun tədbiri keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, universitet rektorları və digər şəxslər iştirak ediblər.
S.Babayev yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolunu yüksək qiymətləndirib. O, “Peşəni peşəkardan soruş” devizi ilə bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən bu festivalda iştirakçıların peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazandıqlarını qeyd edib.
Nazir festivala qatılan yeniyetmə və gənclərin gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatla, peşələrlə əyani şəkildə tanış olmaq imkanı qazandıqlarını deyib.
F.Qayıbov gənclərin əmək bazarına çıxışının dəstəklənməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu qeyd ediblər. Çıxış edənlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad edilməsi savaşında gənclərin xüsusi şücaət və qəhrəmanlıq nümunələri göstərdiyi, işğal dövründə viranə qalmış ərazilərin bərpasında da gənclərin fəal iştirak edəcəyini diqqətə çatdırıblar.
Qeyd edək ki, festival boyunca robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.
Festivala qatılan şəxslərə Mərkəzi Karyera filialının məsləhətçiləri tərəfindən peşəyönümü məsləhəti xidməti də göstərilib, “Alo, Karyera” dəstək xidməti və cvyarat.az platforması barədə məlumat verilib.
Festival Quba, İsmayıllı, Zaqatala, Şəmkir, Salyan, Ordubad, Naxçıvan, Cəlilabad, Sabirabad və Bakını əhatə edib. Tədbirə ümumilikdə 70 minə yaxın şəxs qatılıb.
İştirakçılar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. Festival konsert proqramı ilə başa çatıb.