PİTER SEMNEBİ: CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİ MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏ İNKİŞAF EDİRLƏR
P.Semnebi demişdir: “Gürcüstan Avropa İttifaqına və bütövlükdə Qərbə istiqamət götürmüşdür. Ermənistan onunla fərqlənir ki, hələ də təcrid olunmuş vəziyyətdədir və bundan irəli gələn məhdudiyyətlərin təsiri altındadır. Azərbaycan tərəfdaşları və qonşuları ilə münasibətdə kifayət qədər tarazlı siyasət yeridir”. Onun fikrincə, hər üç ölkə öz dövlət təsisatlarını möhkəmləndirmək zəruriyyəti ilə üzləşir. Özü də Gürcüstan və Ermənistanın “böyük qonşuları” ilə xüsusi problemləri var.
P.Semnebi dondurulmuş münaqişələrin həlli perspektivləri barədə suala cavabında demişdir: “Avropa İttifaqı hesab edir ki, bu münaqişələri icmalar, münaqişə rayonlarındakı çoxluq və azlıqlarla gərgin iş aparılmadan həll etmək mümkün deyildir. Ölkələr və regionlar arasında və onlarla böyük qonşular arasında etimad mühitinin yaradılması vacibdir. Bu, onların təkcə siyasi deyil, həm də iqtisadi sahədə dəqiq perspektivləri müəyyən edilmədən, yəni iqtisadi inkişaf yolları müəyyənləşdirilmədən və firavanlığa nail olunmadan mümkün deyildir. Zənnimcə, bütün bunlar üzərində həm Avropa İttifaqı, həm Rusiya, həm də region ölkələri və marağı olan bütün tərəflər işləməlidirlər”.