Piylənmə immun sisteminin infeksiyalara və xərçəngə qarşı müdafiəsini zəiflədə bilər – Tədqiqat
Bakı, 22 oktyabr, AZƏRTAC
İrlandiyanın Maynooth Universitetinin alimləri müəyyən ediblər ki, piylənmə orqanizmin infeksiyalar və xərçəng hüceyrələri ilə mübarizəsində mühüm rol oynayan immun hüceyrələrinin fəaliyyətini zəiflədə bilər. Tədqiqat göstərib ki, bariatrik cərrahiyyə bu hüceyrələrin funksiyalarının bir çoxunu bərpa etməyə kömək edir.
AZƏRTAC xəbər verir ki, “JCI Insight” jurnalında dərc olunan araşdırma Kathleen Lonsdale İnsan Sağlamlığı Tədqiqatları İnstitutunun professoru Endryu Hoqanın rəhbərlik etdiyi elmi qrup tərəfindən aparılıb.
Tədqiqatçılar qamma-delta T hüceyrələrini araşdırıblar. Bu hüceyrələr immun sisteminin ilkin müdafiə mexanizmlərinin bir hissəsidir. Onlar infeksiyalara sürətli reaksiya verir, həmçinin müəyyən xərçəng hüceyrələrinin aşkarlanmasına və məhvinə kömək edir.
Araşdırma zamanı piylənmə ilə yaşayan insanların qanında bu hüceyrələrin sayının daha az olduğu və onların stimullaşdırıldıqda daha zəif reaksiya verdiyi müəyyən edilib. Hüceyrələrdə qida maddələrinin mənimsənilməsi və enerji istehsalı ilə bağlı metabolik proseslərin də pozulduğu aşkarlanıb.
Alimlərin fikrincə, bu dəyişikliklər immun hüceyrələrinin infeksiya və digər xəstəliklərə qarşı effektiv mübarizə aparmaq imkanlarını məhdudlaşdıra bilər. Bu nəticələr piylənmə ilə yaşayan insanların ağır infeksiyalara daha həssas olmasının mümkün səbəblərindən birini izah edir.
Tədqiqatın diqqətçəkən nəticələrindən biri isə mədə bypass əməliyyatından sonra immun hüceyrələrinin fəaliyyətində yaxşılaşmanın müşahidə olunmasıdır. Roux-en-Y mədə bypassı (RYGB) əməliyyatı keçirən xəstələrdə immun funksiyasını dəstəkləyən metabolik proseslər əhəmiyyətli dərəcədə yaxşılaşıb, hüceyrələrin təhlükələrə cavab vermək qabiliyyəti bərpa olunub.
Araşdırma Sent-Vinsent Universitet Xəstəxanası və Dublin Universitet Kollecinin alimləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib, Səhiyyə Tədqiqatları Şurası tərəfindən maliyyələşdirilib.
Tədqiqat qrupunun rəhbəri Endryu Hoqan bildirib ki, əldə olunan nəticələr piylənmə ilə immun sisteminin fəaliyyəti arasındakı əlaqəyə yeni aydınlıq gətirir. Onun sözlərinə görə, piylənmə immun hüceyrələrinin metabolizmini pozaraq orqanizmin müdafiəsi üçün zəruri olan enerji təminatını məhdudlaşdıra bilər.
Alimlər bildirirlər ki, nəticələr piylənmənin müalicəsinin yalnız çəkinin azaldılması baxımından deyil, immun sisteminin fəaliyyətinin yaxşılaşdırılması baxımından da əhəmiyyətini göstərir. Bununla belə, əməliyyatın immun müdafiəsinə təsirlərini və uzunmüddətli nəticələrini daha ətraflı qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Müxbir- Günel Türksoy