“Planetimiz naminə” fotomüsabiqəsinin qaliblərinin adı açıqlanıb
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Aİ-nin “Planetimiz naminə” kampaniyasını yekunlaşdırmaq, eləcə də fotomüsabiqənin qaliblərini elan etmək məqsədilə xüsusi tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, həvəskar fotoqraflar müsabiqəyə kampaniyanın dörd əsas mövzusu olan Hava, Su, Yer və Yaşıl enerji üzrə smartfonlarla çəkilmiş fotoşəkilləri təqdim ediblər.
Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, kampaniya COP29-a qədərki dövr və ondan sonrakı müddətdə ətraf mühitin idarə edilməsi və iqlim fəaliyyəti üçün qabaqcıl təcrübələri təşviq etmək məqsədi daşıyıb.
Məlumat verilib ki, müsabiqəyə 120-dən çox şəkil təqdim olunub və ümumilikdə 12 (hər kateqoriya üzrə 3 şəkil) qalib foto müəyyənləşib. Sərgi üçün münsiflər heyəti tərəfindən əlavə olaraq 22 foto, o cümlədən bir xüsusi mükafat seçilib.
Sərgiyə “Gənclik Mall”da start verilib. Kampaniya boyunca Aİ nümayəndəliyi ardıcıl olaraq hər bir sakinin planeti qorumaq üçün üzərinə düşəni edə biləcəyi faktını vurğulayıb.
Bildirilib ki, “Planetimiz naminə” kampaniyası çərçivəsində sosial media və açıq hava kampaniyası vasitəsilə 2 milyondan çox insan məlumatlandırılıb.
Fotomüsabiqənin qalibləri dünyaşöhrətli fotoqraf Reza Deqatinin 1 günlük seminarı daxil olmaqla ödənişsiz fotoqrafiya kursunda iştirak edəcəklər.
Tədbirdə P.Mixalko, həmçinin ADA Universitetinə, tələbələrə və Gənc Avropa səfirlərinə kampaniyaya verdikləri töhfəyə görə təşəkkür edib.
Hər kateqoriya üzrə qaliblərin adları açıqlanıb və onlara sertifikatlar təqdim olunub. Hava mövzusu üzrə Kənan Arifli, Aydan Rzayeva, Aysun Əhmədova, Su mövzusu üzrə Günel Sultanova, Tural Abdulla, Türkan Kərimova, Yer mövzusu üzrə Xədicə Mirəliyeva, Türkan Kərimova, Məryəm Nəzərli və Yaşıl enerji üzrə Sitarə Ağayeva, Kənan Arifli, Nigar Səmədlinin çəkdikləri fotolar qalib elan olunub.
Fotosərgi iki həftə ərzində "Gənclik Mall"da ictimaiyyət üçün açıq olacaq.