PLATİNİ ƏMİNDİR Kİ, GƏLƏCƏK - AVROPA ÇEMPİONATLARININ BİRGƏ TƏŞKİLİNDƏDİR
UEFA-nın prezidenti Mişel Platini qurumun İcraiyyə Komitəsinin Zaqrebdə keçirilmiş iclasında Avropa çempionatlarının final turnirlərinin iki ölkədə birgə keçirilməsi praktikasını bundan sonra da davam etdirmək niyyətini açıqlamışdır. Onun fikrincə, Avropa çempionatını bir ölkənin qəbul etməsi ilə müqayisədə belə sxem həm idman, həm də iqtisadi baxımdan böyük üstünlük verir.
Platini demişdir: ”Getdikcə daha çox adam milli komandasının oyununu görmək istəyir, stadionların isə qiyməti artmaqdadır. Digər tərəfdən, hakimiyyət orqanları idman meydançalarının tikintisinə heç də həmişə vəsait qoymaq istəmir. Final görüşlərini təkbaşına təşkil edə bilən ölkələrin sayı o qədər də çox deyildir. Güman etmirəm ki, hər hansı ölkə Almaniya, İtaliya, Böyük Britaniya və İspaniya ilə təkbaşına rəqabət apara bilsin. Məsələn, Avstriya heç vaxt Avropa çempionatını tək özü keçirmək iqtidarında olmayıbdır”.
AZƏRTAC xəbər verir ki, Avstriya 2008-ci ilin Avropa çempionatını İsveçrə ilə birlikdə qəbul edəcək, 2014-cü ilin final turniri isə Polşa və Ukraynada keçiriləcəkdir.
Xatırladaq ki, 2000-ci ilin Avropa çempionatı Belçika və Hollandiyada keçirilmişdir, lakin 2004-cü ilin qitə çempionatının öhdəsindən Portuqaliya təkbaşına gəlmişdi.