Polis əməkdaşları topçu Vüsalla görüşüblər
Xaçmaz, 16 aprel, Elxan Yusifli, AZƏRTAC
Vətən müharibəsi bizə doğma torpaqlarımız uğrunda hər an canından belə keçməyə hazır olan yeni-yeni gənc, igid döyüşçülərimizi tanıtdı. Bu yolda şəhid olanların xatirəsi dastana çevrildi, qazilərimizin hünəri dillərdə dolaşır. Hələ döyüşlərin şiddətli vaxtında hər atəşdə mənfur düşmənin başına od ələyən Vüsal Şahkərimovun atəş zamanı çəkilən şəkli onu “Topçu Vüsal” kimi medianın gündəmində çox populyarlaşdırdı. Nələr demirdi bu şəkil bizə?! Döyüşçülərimizin hünəri, cəsarəti elə bil ümumiləşmişdi bu bir anda, gənc döyüşçü qürurundan dağ kimi görünürdü. Elə düşməni də lərzəyə salan ordumuzdakı hər əsgərin belə ruh yüksəkliyi, qəddini-qamətini dik tutması, düşmənə meydan oxuması idi.
Vüsalın düşmənə tuşlanmış sonuncu mərmisini atmasından 5 aydan artıq vaxt keçir. Vüsalın bu günlərdə doğulub, boya-başa çatdığı Xaçmaz rayonunun Qusarçay kəndinə, evinə məzuniyyətə gəldiyini eşidib bilənlər döyüşçülərimizə, qazilərimizə hörmət və ehtiramın ifadəsi olaraq onu görməyə gəlirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində mərdanə duruşu ilə hamının rəğbətini qazanan topçu Vüsalla görüşüblər.
İgid topçu ilə görüşən RPŞ-nin rəis müavini Vüqar Orucov və şöbənin əməkdaşı Ülfan Əhmədov 30 ilə yaxın işğalda olan torpaqlarımızın cəsur oğullarımızın canı-qanı bahasına azad edildiyini vurğulayıblar. Müharibə zamanı Silahlı Qüvvələrimizin, qorxmaz döyüşçülərimizin göstərdikləri hünər xalqımızın qəhrəmanlıq tarixinin mühüm səhifəsi kimi dəyərləndirilib, qələbənin əldə olunmasında xidmətləri olan hər bir hərbi qulluqçunun fədakarlıqlarının daim xatırlanacağını bildirilib.