“Politico”: Qrenlandiya parlamentinə seçkilər ada üçün həlledici olacaq
Bakı, 10 mart, AZƏRTAC
Qrenlandiyada siyasi partiyaların müstəqilliklə bağlı fikir ayrılıqları fonunda keçiriləcək parlament seçkiləri ada tarixində ən mühüm səsvermə olacaq.
AZƏRTAC xəbər verir ki, “Politico” qəzetinin məlumatına görə, adadakı siyasətçilərin müstəqillik ideyası ilə bağlı fikirləri fərqli olsa da, ən böyük siyasi qüvvələr - “İnuit Ataqatigiit” və “Siumut” partiyaları müvafiq referendumun keçirilməsi ideyasını dəstəkləyirlər.
2009-cu ildə Danimarka ilə bağlanmış müqaviləyə əsasən, Qrenlandiya referendum nəticəsində müstəqillik əldə edə bilər. Eyni zamanda, bu yaxınlarda keçirilən sorğu zamanı yerli sakinlərin 85 faizi adanın ABŞ-a birləşməsinin əleyhinə çıxıb və yalnız 6 faizi bu ideyanı dəstəkləyib.
ABŞ Prezidenti Donald Tramp Danimarkanın tərkibində muxtar bölgə olan Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu dəfələrlə bəyan edib. O, adadan imtina etməyəcəyi təqdirdə Danimarkanı yüksək ticarət rüsumları ilə hədələyib. Ağ evin rəhbəri hətta ilk prezidentlik dövründə Qrenlandiyanın Birləşmiş Ştatlara satılmasını təklif etsə də, Danimarka və adanın hakimiyyət orqanları bundan imtina ediblər.
Parlament seçkiləri
Martın 11-də qrenlandiyalılar parlamentin 31 üzvünü seçəcəklər. Parlament mandatı uğrunda mübarizə adanın beş partiyası arasında gedəcək. Hazırda qanunverici orqanda 12 yerə sahib “Inuit Ataqatigiit” və 10 yerə malik “Siumut” partiyaları Qrenlandiyanın Danimarka sərhədləri daxilində müstəqilliyini istəyir. Parlamentdə iki deputatla təmsil olunan “Atassut” isə Danimarka ilə daha da sıx əlaqələrə çağırır. Həmçinin parlamentdə üç mandata sahib olan “Demokratit” adanın müstəqilliyini və dövlət sektorunun ixtisarını, dörd yerə malik olan “Naleraq” isə qrenlandiyalıların öz torpaqları üzərində suverenliyini tələb edir.
Qeyd edək ki, 56,7 min əhalisi olan Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen Qrenlandiyanın müdafiəsi ilə bağlı müqavilə imzalayıb. ABŞ müqaviləyə uyğun olaraq adanın müdafiəsini öz üzərinə götürüb. Hazırda adada ABŞ-ın raket hücumu xəbərdarlığı sistemi və Arktika zonasına nəzarəti həyata keçirən “Pituffik” kosmik bazası yerləşir.