ŞƏRH
Politoloq: Bakı Maliyyə Məqsədi barədə razılıq ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan beynəlxalq səviyyəli COP29 tədbirini çox uğurlu şəkildə həyata keçirdi. Konfransın sonunda iqlim maliyyələşməsi ilə bağlı gərgin müzakirələr baş tutdu. Əslində müxtəlif ziddiyyətlər, fikir ayrılıqları, bir-birini təkzib edən planlar təklif olunsa da, əlamətdar hadisədir ki, Bakıda böyük bir razılaşma əldə olundu. Bu razılaşmalar isə həm də gələcəyə hesablanmış bir addım kimi xarakterizə oluna bilər. Ən böyük nailiyyət bundan ibarətdir ki, bu günə qədər mövcud olan iqlim maliyyələşməsi ilə bağlı hədd 100 milyarddan 300 milyarda dollara qədər yüksəldildi. Eyni zamanda, COP29-da qəbul olunan ən önəmli qərarlardan biri inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər hər il 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə edilməsidir. Digər tərəfdən qeyd etmək lazımdır ki, Paris Sazişinin 10 illər ərzində razılaşdırılmayan 6-cı maddəsi də Bakıda tam şəkildə işlək vəziyyətə gətirildi. Bu da onu deməyə əsas verir ki, atmosferə buraxılan çirkli qazların həcminin azaldılması ilə bağlı öhdəliklər müəyyənləşdirildi. Bütün bunlar sağlam ətraf mühitin, iqlimin, ekologiyanın formalaşmasına xidmət edəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov söyləyib.
O qeyd edib ki, Bakı Maliyyə Məqsədi barədə razılıq əldə olunması ölkəmiz üçün beynəlxalq standartların, mexanizmlərin müəyyənləşməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
“Azərbaycanın ev sahibliyi etdiyi COP29 ən möhtəşəm tədbirlərdən biri kimi tarixə düşdü. Məhz iqlim maliyyələşməsi ilə bağlı ziddiyyətli məqamları birləşdirən bu müzakirələr konsensusla, böyük uğurla nəticələndi. COP29-da əldə olunan tarixi nailiyyət həm də uzun illər ərzində xatırlanacaq. Çünki buna qədər olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) əvvəlki sessiyalarında bu qədər razılaşmalar olmamışdı. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlərə münasibətlərində, məsuliyyətinin, öhdəliklərinin formalaşmasında mühüm uğur kimi qiymətləndirilə bilər”, - deyə politoloq vurğulayıb.