Postkonflikt vəziyyətlərdə yaranan problemlərin həlli Azərbaycan alimlərinin qarşısında duran prioritet vəzifələrdəndir
Bakı, 7 mart, AZƏRTAC
Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa problemlərinin həllinə müstəqil Azərbaycan dövlətinin maraqları kontekstində yanaşılması, beynəlxalq aləmdə mövcud konfliktoloji məsələlərdə də ölkəmizin strateji maraqlarının təmin olunması son dərəcə vacibdir. Azərbaycan alimləri işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində problemlərin həlli üçün bütün imkanlarını səfərbər etməli, ölkənin sosial-iqtisadi, mənəvi, mədəni həyatında yaxından iştirak edərək alim və vətəndaşlıq borcunu məsuliyyətlə yerinə yetirməlidirlər.
Bu barədə AZƏRTAC-a AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bildirib.
Alim vurğulayıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə ekoloji və tarixi-mədəni irs nümunələrinin vəziyyətinin təhlil olunması, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi, torpaqların minalardan təmizlənməsi üçün qabaqcıl texnologiyaların tətbiqi, “yaşıl enerji”nin istehsalı, alternativ enerji mənbələrindən istifadə, “ağıllı” yaşayış məntəqələri və infrastrukturun formalaşdırılması və s. Azərbaycan elmi qarşısında dayanan prioritet məsələlərdəndir.
Akademikin sözlərinə görə, dövlət siyasətindən irəli gələn vəzifələr, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası istiqamətində mövcud olan problemlər bütün elm sahələri ilə əlaqədar olduğundan multidissiplinar xarakter daşıyır. Bu baxımdan dövlət başçısının fərman və sərəncamlarını, çağırışlarını rəhbər tutaraq, AMEA-nın, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş institut və təşkilatların bütün resursları işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və inkişafı istiqamətində mövcud problemlərin həllinə cəlb olunub.
AMEA-nın vitse-prezidenti bildirib ki, hazırda Azərbaycan dövlətinin sosial-iqtisadi maraqlarının təmin olunması, qabaqcıl texnologiyaların tətbiqi və onların yaratdığı problemlər, ölkədə IV sənaye inqilabının, süni intellekt texnologiyalarının gətirdiyi reallıqlar kontekstində hər bir fəaliyyət sahəsində innovativ proseslər gedir. Böyük elmi-intellektual potensialı olan Azərbaycan alimləri müvafiq işlərin həyata keçirilməsinə dəyərli töhfələr verirlər. Belə ki, Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, İdarəetmə Sistemləri İnstitutu və digər qurumlar dövlətin elm siyasətinin reallaşdırılması üzrə bir sıra tədqiqat işləri və layihələr həyata keçirir, süni intellektə və kiber-fiziki sistemlərə əsaslanan yeni texnologiyalar təklif edirlər.