“POTENSİAL”IN YENİ LAYİHƏSİ
“Potensial” müstəqil qeyri-hökumət təşkilatının sədri Sahib Fərzəliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, təşkilat artıq bir sıra mühüm layihələrin gerçəkləşdirilməsinə nail olmuşdur. Belə ki, təşkilatın təşəbbüsü ilə 1999-cu ildən Sumqayıtda Hüquqi Yardım Mərkəzi yaradılmışdır. Mərkəz keçən müddət ərzində 6 mindən artıq imkansız sumqayıtlıya pulsuz hüquqi xidmət göstərə bilmişdir. Yeni layihəmiz bələdiyyələrin fəaliyyətinin təşkilinə həsr olunmuşdur. Bu film respublikada ən yaxşı bələdiyyələrdən biri sayılan Sumqayıt bələdiyyəsinin timsalında çəkilmişdir. 16 dəqiqəlik filmdə tamaşaçılar sosial və iqtisadi inkişafda bələdiyyələrin rolu ilə əyani tanış ola biləcəklər. Burada əsas diqqət bələdiyyələrin statusuna, onların qurumları qarşısında duran vəzifələrə, həmçinin maliyyə bazasına yetirilmişdir. Mövcud problemlər də unudulmamışdır.
Filmin videosurətləri metodiki vəsait kimi Azərbaycanın şimal bölgəsindəki məktəb və kitabxanalara göndəriləcəkdir.
Bu layihə çərçivəsində Sumqayıtın, Quba, Xaçmaz rayonlarının orta tədris müəssisələrində “Uşaqlar və yoxsulluq” rəsmləri müsabiqəsi keçirilmişdir. 500-ə yaxın məktəbli öz işlərini müsabiqəyə təqdim etmiş, onlardan altı nəfəri mükafata layiq görülmüşdür.