DÜNYA
POZNER VƏ KURAYEVİ İSLAMA NİFRƏTƏ GÖRƏ MƏHKƏMƏYƏ VERMİŞLƏR
AZƏRTAC-ın Müstəqil İslam İnformasiya Agentliyindən aldığı xəbərə görə, Rusiya Jurnalistlər İttifaqı (RJİ) yanında Etnik Problemlər Mərkəzi (EPM) və Müsəlman Jurnalistlər İttifaqı Orucluq bayramı günlərində efirə gedən “Vremena” proqramında müsəlmanların şərəf və ləyaqətini alçaltdığına görə Vladimir Pozneri məhkəməyə vermişlər. Bu təşkilatlar RJİ yanında Etika üzrə Böyük Münsiflər Heyətini Poznerin peşəkar jurnalist etikasına və onun öz verilişində “islam ekstremizmi” mövzusunu necə işıqlandırmasına da qiymət verməyə çağırmışlar.
EPM-nin rəhbəri Sulieta Kusova bildirmişdir ki, məhkəmə Beslan hadisələrindən sonra, əslində, terrorizmi islamla eyniləşdirən keşiş Andrey Kurayev barədə məsələni də həll etməlidir. O təəssüflə demişdir ki, kilsə nümayəndələrindən heç biri indiyədək bu keşişin mülahizələrini açıq-aşkar pisləməmiş və çağırışlarının kilsəyə dəxli olmadığını bildirməmişdir, ona görə də məhkəməyə müraciət etməkdən savayı başqa çıxış yolu qalmır.
Xatırladaq ki, “Nord-Ost” hadisəsindən sonra keşiş “İzvestiya” qəzetinin səhifələrində “Xüsusi təyinatlı dəstənin köməyi olmadan terrorizmlə necə mübarizə aparmalı” məqaləsində bildirmişdi ki, guya terrorizm yalnız Qafqaz xalqlarına xas olan xüsusiyyətdir.