Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib YENİLƏNİB VİDEO

Vaşinqton, 8 avqust, AZƏRTAC

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib.

Vüsal Mətləb, AzTV-nin müxbiri: Xoş gördük, cənab Prezident. Siz Amerika Birləşmiş Ştatları Prezidenti cənab Donald Trampın dəvəti ilə bu ölkədə səfərdəsiniz və bu gün Azərbaycanda hər kəs Vaşinqtondan xəbərlər gözləyir. Odur ki, bu müsahibəyə görə təşəkkür edirik. İcazənizlə, suallara keçək.

Cənab Trampla görüşünüzü və Amerika Birləşmiş Ştatları-Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin əhəmiyyətini və ümumilikdə bu səfərin nəticələrini necə qiymətləndirərdiniz?

Prezident İlham Əliyev: Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.

Prezident Trampla görüşümüz çox səmimi şəkildə keçdi. Deyə bilərəm ki, dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər.

Bu xoş münasibət, əlbəttə ki, çox önəmli bir amildir. Bu nöqteyi-nəzərdən səfərin çox böyük əhəmiyyəti var. Bu, Prezident Trampla mənim birinci görüşümdür. Yenə də demək istəyirəm ki, görüş çox səmimi şəkildə keçdi. Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək.

Oubai Şahbandar, AnewZ televiziyasının müxbiri: Cənab Prezident, çox möhtəşəm, tarixi bir gündür. Siz və Baş nazir Paşinyan hətta Nobel Mükafatı Komitəsinə birgə müraciət edəcəyinizə dair fikir söylədiniz. Biz eşitdik ki, Prezident Tramp Sizin baxışınızı və liderliyinizi alqışlayır. Siz də bu gün bu razılaşmaya səbəb olan Prezident Trampın uzaqgörən rəhbərliyini yüksək dəyərləndirirsiniz. Bildiyiniz kimi, Prezident Trampla şəxsi münasibətlər çox önəmlidir. Rəhbərlər arasında münasibətə, Prezident Trampla şəxsi münasibətlərinizə necə qiymət verərdiniz? Prezident Trampın onilliklər əvvəl Konqres tərəfindən qəbul edilmiş və Amerikanın Azərbaycana yardımına mane olan 907-ci düzəlişi dayandırmasını görmək Sizin üçün nə dərəcədə əhəmiyyətli idi. Bu, Azərbaycan və ABŞ üçün yeni bir məqamdırmı?

Prezident İlham Əliyev: Əlbəttə, belədir! Əminəm ki, biz münasibətlərimizdə yeni səhifə açırıq. Şəxsi təmasa gəldikdə, bu, Prezident Trampla bizim ilk görüşümüz idi. Çox mehriban, səmimi və nəticəyönümlü görüş keçdi. Təbii ki, mən Prezident Trampı əvvəlki prezidentlik müddətindən və bu altı ayda gördüyü işlərdən tanıyırdım. Prezident Tramp mənim kim olduğumu bilmirdi, amma o, mənim haqqımda komanda üzvlərindən eşidib. Təbii ki, Prezident Trampa mənim şəxsi münasibətim hər zaman çox müsbət olub və hətta keçən ilin ortalarında mənə ABŞ-dakı seçkilərlə bağlı sual verəndə, mən düşündüyümü açıq şəkildə demişdim. Demişdim ki, biz onu dəstəkləyirik. Çünki o, yəqin ki, müharibələr başlamayan yeganə Amerika prezidentidir və bu həqiqətdir. O, Azərbaycan xalqı kimi ailə dəyərlərinə önəm verən insandır. Təbii ki, bu gün mətbuat konfransında qeyd etdiyim kimi, o, bu altı ay ərzində qeyri-mümkün görünən işlər gördü: istər Afrikada, Asiyada və Cənubi Qafqazda. O, sülh gətirir və ortaya nəzərəçarpan nəticələr qoyur. Beləliklə, mən bu baxımdan bizim şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm. Əminəm ki, növbəti illərdə bu şəxsi münasibətlər ölkələrimiz arasında dövlətlərarası əlaqələrə çox müsbət təsir göstərəcək.

Əlbəttə ki, “Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir. O vaxt Azərbaycan qaçqınların sayı çox, iqtisadiyyatı isə bərbad vəziyyətdə olan kasıb ölkə idi. Nəticədə,biz sanksiyalar altında olan yeganə keçmiş Sovet İttifaqı respublikası idik. Sonra bildiyiniz kimi, 2001-ci ildə bu sanksiyalar dayandırıldı, çünki ABŞ Hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. Biz isə çox vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdik. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatını əhatə edirdi. Sonra hər il Amerika prezidentləri bu düzəlişin qüvvəsini dayandırırdılar, 2023-cü ilə qədər. Dayandırılmaması bizim üçün böyük şok oldu, çünki Bayden administrasiyasından belə bir yanaşma gözləmirdik. Əfqanıstanda bizə ehtiyac olmadığına görə Bayden administrasiyası bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdığı dövrdə buna əl atdı. Bundan sonra bizə qarşı sanksiyalar yenidən qüvvəyə mindi. Bu, yəqin ki, Azərbaycana mənfi münasibətin və nankorluğun zirvəsi idi. Əslində, bu, Bayden administrasiyası ilə onların hakimiyyətinin sonuna qədər düzəlməyən əlaqələrimizin ciddi şəkildə pisləşməsinə səbəb oldu. Beləliklə, münasibətlərimiz dərin böhran içində idi.

Odur ki, Prezident Trampın bu rəmzi jestinin bizim üçün çox dərin mənası var. Təbii ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin artıq aradan qalxdığını göstərir. Beləliklə, bu, Prezidentin adından çox mühüm siyasi jest idi. Eyni zamanda, bu gün onun ofisində bu sənədlə bərabər, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında sənədi də imzaladıq. Bu iki mühüm hadisə bu gün baş verib. Buna görə də mən avqustun 8-ni dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm və bu da bütün regiona çox müsbət təsir göstərəcək. Şübhəsiz ki, bu gün Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaqdır.

Abbasəli Yadigarov, AZƏRTAC-ın müxbiri: Cənab Prezident, bu gün çox önəmli sənədlər imzalandı. Hamıya yaxşı məlumdur ki, İkinci Qarabağ müharibəsində Zəfərdən sonra sülh müqaviləsi təşəbbüsünü məhz Azərbaycan irəli sürmüşdür. Bu baxımdan, bu gün imzalanan sənədlərin əhəmiyyətini necə şərh edərdiniz?

Prezident İlham Əliyev: Bəli, deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində bir boşluq, bir vakuum yaranmışdı. O vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Onlar bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdır. Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmalıdır və onun təşəbbüskarı qeyd etdiyiniz kimi, biz olmuşuq. Biz o təşəbbüsü irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas beş prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq.

Bildiyiniz kimi, ondan sonra bizim təşəbbüsümüzlə danışıqlar prosesi başlamışdı. Danışıqlar prosesi o qədər də hamar getmirdi. Onun da əsas səbəbi ondan ibarət idi ki, o vaxt Ermənistan tərəfi sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Halbuki bu, heç bir məntiqə sığmayan, heç bir hüquqi və siyasi əsası olmayan məsələdir. Biz Ermənistan tərəfinə izah etməyə çalışırdıq ki, bu, bizim daxili məsələmizdir və dövlətlərarası sazişə hər hansı bir ölkənin daxili məsələsi daxil oluna bilməz. Ancaq buna baxmayaraq, Ermənistan təkidlə öz mövqeyindən geri çəkilmək istəmirdi.

Yəqin ki, yadınızdadır ondan sonra Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüssel görüşləri keçirilmişdir. Ancaq yenə də əsas fundamental məsələ imkan vermirdi ki, tərəflər bu məsələdə razılığa gəlsinlər. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlamışdır. Artıq neçə aydır tərəflər bəyan etmişdilər ki, sülh sazişinin bütün maddələri razılaşdırılıb. Hesab edirəm ki, bu, Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Əminəm ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib.

Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq.

Vüsal Mətləb: Cənab Prezident, Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında bəzi şərtlər qoymuşdunuz. Onlardan birincisi ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı idi. Hansı ki, bu gün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Baş katibinə bununla bağlı müraciət imzaladılar. İkinci şərt Ermənistanın əsas qanunundan - Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı idi. Bu, indiki halda nə qədər real görünür?

Prezident İlham Əliyev: Məncə, tam real görünür. Çünki birincisi onu deməliyəm ki, bizim bütün şərtlərimiz tam məntiqli, əsaslı və qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində və hakim dairələrində belə bir fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir və hətta danışıqlar zamanı dəfələrlə belə bir məsələ qaldırılmışdı. Bizim isə mövqeyimiz ondan ibarət idi ki, bu, belə qəbul edilməməlidir. Bu, birbaşa bizə aidiyyəti olan məsələdir. Bizim ərazi bütövlüyümüzə olan açıq tələbdir, iddiadır. Ona görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz.

Bizim mövqeyimiz hər zaman ardıcıl, məntiqli, əsaslı idi və biz öz mövqeyimizdən geri addım atmamışıq. Çünki heç vaxt Ermənistan qarşısında qeyri-real və qəbul edilə bilməyəcək şərtlər də qoymamışdıq. Amma nədənsə Minsk qrupunun ləğvi ilə bağlı bizim əsaslı təklifimiz mənfi reaksiya ilə üzləşirdi. Halbuki dəfələrlə biz izah etməyə çalışırdıq ki, bir halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bir halda artıq Ermənistan özü deyir ki, Qarabağ Azərbaycandır, Minsk qrupunun de-yure qalması tamamilə məntiqsizdir. Onsuz da o, öz funksional mahiyyətini itirmişdir və biz heç vaxt imkan vermərik ki, bu, hər hansı bir formada canlansın, yaxud da hansısa başqa formaya minsin. Ona görə bu gün sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Yenə də deyirəm, bu gün bu paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir.

Oubai Şahbandar: Cənab Prezident, Vaşinqtona səfəriniz, sülh sazişinin paraflanması, Prezident Trampla görüşünüz Sizi və Azərbaycanı milyonlarla amerikalıya ilk dəfədir ki, tanıdır. Azərbaycanı tanımayanlar, bəlkə də Azərbaycanın harada olduğunu bilməyənlər, yaxud müəyyən yanlış təsəvvürlərə malik insanlar sizinlə tanış ola bildilər. Bəzi Amerika media qurumları və beyin mərkəzləri arasında yaranan bir sıra narahatlıqlara necə cavab verərdiniz: onlar Qarabağda xristianların qorunub-qorunmayacağından narahatdırlar. Nəzərə alsaq ki, Tramp ticarət marşrutu qurulacaq, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm də Amerikanın ticarət maraqları üçün nə qədər vacibdir?

Prezident İlham Əliyev: Bəli, bilirsiniz ki, Prezident Trampın əsaslı olaraq saxta xəbərlər adlandırdığı bəzi Birləşmiş Ştatlar mediasında Azərbaycan iblis donunda təqdim olunurdu. “Washington Post”, “New York Times”, “Newsweek” və bir çox başqa media qurumları mütəmadi olaraq Azərbaycan haqqında şayiələr yayır, bizə hücum edir, təhqiramiz yazılar dərc edir və əslində, Amerika ictimai rəyini çaşdırırdılar. Bunu əsasən bu gün erməni maraqlarına uyğun fəaliyyət göstərən erməni lobbi qruplarının nümayəndələri ediblər. Bu gün baş verənlərə sevinmək əvəzinə, onlar çox məyus olurlar, çünki onların maraqları tamamilə fərqlidir. Onlar işğala görə məsuliyyət daşıyanlardır, çünki onların ideyaları, məsləhətləri, pulları və Ermənistanın müxtəlif hökumətlərinə təsirləri Ermənistanın özü üçün dağıdıcı rol oynayıb. Əgər onlar, belə qruplar olmasaydı, Ermənistan daha çox inkişaf etmiş, möhkəm, müstəqil sistemə malik ölkə olardı. Amma onlar, sadəcə, vaxt itirdilər, torpaqlarımızı işğal edərək vaxt itirdilər və sonda bu işğalı əbədi saxlaya bilmədilər, əslində isə özlərini inkişafdan 30 il geri atdılar.

Azərbaycanla bağlı bütün bu şayiələr və yalan məlumatlar ölkəmizi tanıyanlar üçün tamamilə qərəzli səslənir. Çünki Azərbaycan etnik və dini müxtəlifliyi ilə məşhur olan nadir ölkələrdən biridir. Bütün dini obyektlər dövlət tərəfindən qorunur. Azərbaycanda heç vaxt qarşıdurma, hətta etnik, dini fərqlər zəminində anlaşılmazlıq olmayıb. Əksinə, bu gün Azərbaycan multikulturalizmin mərkəzlərindən biridir. Burada müxtəlif dini və etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Məncə, bu gün baş verənlər hələ də ya reallığı bilməyən, ya da bilərəkdən yanlış təsəvvürlər yaratmağa çalışanlara tutarlı cavab olacaq.

O ki qaldı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinə, bilirsiniz ki, bu mövzu ətrafında biz son beş ildə nə qədər şayiələr, nə qədər təxribatlar ilə üzləşmişik. Müxtəlif ölkələrin rəhbərləri Azərbaycanın guya ermənilərə hücum etməyi planlaşdırdığı barədə şayiələr yayırdılar, ölkəmizin bu ərazini guya güc yolu ilə ələ keçirməyi planlaşdırdığını deyirdilər. Bunun yalan məlumat olduğu barədə bütün cavablarımız nəticə vermirdi, çünki bu yanlış təsəvvür Vaşinqton da daxil olmaqla, artıq yaranmışdı. Bu azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası idi və biz bunu dəqiq bilirik. Çünki bir çox hallarda avropalı tərəfdaşlarımızla söhbətlərdə onlar bizə bu məlumatın Baydenin komandasından gəldiyini deyirdilər. Onlar Azərbaycanın guya aqressiv niyyətləri barədə qəsdən şayiələr yayırdılar. Hətta Prezident Trampın administrasiyasının ilk aylarında bəzi dövlət qurumlarında köhnə komandanın hələ də çalışan nümayəndələrindən gələn belə yalanlar olub. Onların fəaliyyətinə əsas təsiri Azərbaycana nifrət edən “Human Rights Watch”, “Freedom House” kimi QHT-lər və ya USAID, “Azadlıq” radiosu göstərib. Bilirsiniz ki, Prezident Tramp dünyanı USAID adlanan bu fəlakətdən məharətlə xilas etdi. Beləliklə, bu, bizim üçün bu məlumatların yanlış olduğunu izah etmək bir növ çağırış idi. Ona görə də izah etməli idik ki, bizim belə bir niyyətimiz yoxdur.

Bu gün baş verənlərin nəticəsində isə Prezident Trampın şahidliyi ilə Ermənistanın Baş nazirinin şəxsən imzaladığı birgə bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəa var. Sənəddə bu, Ermənistanın suverenliynə hörmət prinsipi ilə qeyd olunub. Beləliklə, biz istəyirdik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı. Bu illər ərzində biz dəmir yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq. Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq.

Eyni zamanda, biz Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpasına başlayırıq. Deməli, bizə bu 40 kilometrlik dəmir yolu lazımdır ki, Azərbaycanın iki hissəsini birləşdirə bilək. Bu, təkcə dəmir yolu ilə bitmir. Biz elektrik ötürücü xətləri, fiber-optik xətlər, potensial olaraq Azərbaycanın və Xəzərin digər tayından qonşularımızın enerji resurslarını daşıya biləcək enerji infrastrukturları haqqında düşünürük. Beləliklə, bu, hər şeydən əvvəl, Bayden administrasiyasının yetişdirdiyi bütün anti-Azərbaycan rəvayətlər və sərəncamında olan siyasi infrastruktura - media, QHT-lər, USAID və bəzi korrupsioner siyasətçilərə cavab idi. Bugünkü hadisə korrupsiyaya görə dəmir barmaqlıqlar arxasında olan Menendez kimiləri tamamilə sıradan çıxarır. Yaxud Adam Şiff. Mən gələndə öyrəndim ki, Merilend prokuroru Adam Şiffə qarşı ipoteka saxtakarlığına görə cinayət işi açıb. Bilirsiniz, bu adamlar mütəmadi olaraq Azərbaycana hücum edirdilər - Menendez, Şiff, Peloni, Pelosi, Şermann, Marki, Kristofer Smit və başqaları. Bütün bu insanlar Azərbaycana nifrət edirlər - bilmirəm niyə, yəqin ki, Ermənistan lobbisi buna görə onlara pul ödəyirdi. Onlar Azərbaycanın əleyhinə mütəmadi olaraq fəaliyyət göstərən bir qrup ciddi siyasətçi idi. Bu gün Azərbaycan ilə Ermənistan arasında imzalananlar bizim niyyətlərimizi açıq şəkildə nümayiş etdirir – göstərir ki, biz sülh istəyirik, amma biz əlaqələrin qurulmasını da istəyirik. Biz ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçidlə inteqrasiyanı istəyirik ki, bu da daha geniş region, Ermənistanın özü üçün də çoxlu imkanlar vəd edəcək.

Mən Ermənistanın Baş naziri ilə görüşlərin birində demişdim ki, Ermənistanın tranzit ölkə olmaq şansı yaranacaq. Dedim ki, siz tranzit ölkə olmağın mənasını bilmirsiniz. Siz tranzit ölkə deyilsiniz və yalnız Azərbaycan sayəsində tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil və siz tranzit ölkə olmağın üstünlüyünü görəcəksiniz. Biz daha güclü tranzit ölkə olmağa çalışırıq. Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər daha çox yükdaşıma qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri açır və siyasi imkanlar vəd edir. Söhbət Ermənistanın uzun illər özünü məhrum etdiyi imkanlardan gedir. Beləliklə, bu nəqliyyat marşrutu - qısaltması TRIPP kimi səslənən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” daha bir tarixi nailiyyət olacaq. Amma yenə də, daha əvvəl qeyd etdiyim kimi, vaxt itirməməliyik. Biz bu işlərlə mümkün qədər tez məşğul olmalıyıq. Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki, regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq.

Oubai Şahbandar: Bölgəyə daha çox Amerika sərmayələrinin gəlişini gözləyirsinizmi? Biz tarixi imzalanma mərasimində Kris Raytın iştirak etdiyini gördük. Söz təbii ki, SOCAR və “ExxonMobil” arasında imzalanmış memorandumdan gedir.

Prezident İlham Əliyev: Şübhəsiz ki, belədir. Əminəm ki, dünən “ExxonMobil” və SOCAR arasında əməkdaşlığa dair imzalanan memorandum böyük layihə ilə nəticələnəcək. Əvvəlcədən nə isə demək istəmirəm, amma Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir. Bildiyiniz kimi, “Exxon” dünyanın aparıcı enerji şirkətidir və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malikdir. “Exxon”un, həmçinin Azərbaycanda böyük təcrübəsi var. “Exxon” bizim “Azəri-Çıraq-Günəşli” layihəmizə ilk olaraq 1994-cü ildə qoşulmuşdu və dünən burada xüsusi elçi cənab Uitkoffun, ABŞ-ın enerji nazirinin müavininin və mənim iştirakımla imzalanma mərasiminin keçirilməsi faktiki olaraq nümayiş etdirir ki, biz bu layihənin gələcəyinə inanırıq. İnanın, inanmasaydıq, memorandumun imzalanmasında iştirak etməzdik. Mən çox nadir hallarda memorandum imzalanmasında iştirak edirəm. Mən bəzən müqavilələrin imzalanmasında iştirak edirəm, lakin bu, memorandumdur. Əlimizdə bir sıra amillər, texniki amillər var ki, onlar yeni karbohidrogen ehtiyatlarının kəşfinə işarə edir. Bəlkə də son on il və ya daha uzun müddətdə ədalətsiz şəkildə ayrı-seçkiliyə məruz qalan mədən yanacağı Prezident Trampın baxışı və siyasəti sayəsində yenə də dəbdədir. Səfər çərçivəsində heyətimizin üzvləri beynəlxalq maliyyə təşkilatları, ABŞ-ın “Ex-Im” Bankı ilə mədən yanacağı sahəsində layihələr, karbohidrogenlərin nəqli infrastrukturunda potensial maliyyəyə dair danışıqlar aparıb. Buna görə də enerji mövzusu əməkdaşlığımızın mühüm hissələrindən biri olaraq qalmağa davam edəcək.

Prezident Trampla imzaladığımız memorandumda enerji əməkdaşlığı xüsusi yer tutur. Beləliklə, biz enerji deyəndə neft, qaz, potensial olaraq bərpaolunan enerji mənbələrini nəzərdə tuturuq. Bu gün NATO-nun 10 üzvünü, ABŞ-ın 10 müttəfiqini təbii qazla təchiz edirik. Biz boru kəməri ilə qaz tədarükü üzrə 14 ölkəni əhatə edirik. Deməli, bu baxımdan, - qaz kəmərini nəzərdə tuturam, - Azərbaycan dünyanın qabaqcıl ölkələrindən biridir. Belə ki, 10 NATO, 10 Aİ üzvü bizdən qaz alır. Biz bu yaxınlarda Suriyaya təbii qaz tədarük etməyə başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna daxil olmuşuq və coğrafiyamızı Avropada, eləcə də Yaxın Şərqdə genişləndirəcəyik. Bu, əslində, enerji sahəsində gələcək gündəliyimizin yalnız bir hissəsidir.

Amerika Birləşmiş Ştatları ilə süni zəka, rəqəmsal transformasiya üzrə yaxından işləmək planlarımız var. Mənim buraya səfərim zamanı artıq komandamızın üzvləri ilə Amerika şirkətləri arasında ilkin müzakirələr baş tutub. Yeni görüşlər də olacaq. Beləliklə, həqiqətən də bu gün biz bütün istiqamətlər üzrə - təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və bir çox digər sahələr baxımından tarixi bir günün şahidi oluruq.

Oubai Şahbandar: Çox sağ olun, cənab Prezident.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib YENİLƏNİB VİDEO

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir