Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi əsas mesajlarla bağlı müzakirələr aparılıb
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham Əliyevin xarici və yerli media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirdiyi mesajlara, o cümlədən Azərbaycanın xarici siyasət prioritetləri, Cənubi Qafqazda yeni reallıqlar və sülhə dair vebinar təşkil edib. Vebinarda politoloqlar Fikrət Sadıxov, Nazim Cəfərsoy, Əhməd Əlili və Zaur Məmmədov iştirak ediblər.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirin moderatoru olan BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Cənubi Qafqazda baş verən vəziyyət, postmüharibə dövründə yaranmış imkanlar və təhdidlər məsələsinə toxunub.
Daha sonra çıxış edən politoloq Fikrət Sadıxov Prezident İlham Əliyevin mətbuat konfransında bir çox vacib məsələlərə toxunduğunu deyib. Onun sözlərinə görə, bu məsələlər arasında siyasi, geoiqtisadi və ən vacibi isə gələcəklə bağlı fikirlər və sülhə çağırış xüsusilə qeyd edilməlidir. Siyasi ekspert əlavə edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq Dağlıq Qarabağ ifadəsi yoxdur, ümumilikdə Azərbaycanın tərkibində olan Qarabağ ərazisi mövcuddur: “Ermənilər artıq reallıqla barışmalı və revanşizm məsələsini kənara qoymalıdırlar. Azərbaycan heç bir revanşizmə imkan verməyəcək və ermənilər də bunu dərk etməlidirlər”.
Digər ekspert Nazim Cəfərsoy bildirib ki, Cənubi Qafqazda artıq yeni reallıqlar formalaşıb və Qarabağ erməniləri Azərbaycana reinteqrasiya olunmalıdır. O qeyd edib ki, Tərtər, Ağdam, Şuşa və Füzuli istiqamətinin yüksək inkişaf etdirilməlidir ki, Qarabağda Xankəndinin statusu azalsın: “Artıq bu istiqamətdə mühüm qərarlar qəbul edilib və bu baxımdan Füzuli şəhərində hava limanının tikintisi olduqca vacibdir. Digər əsas məqam Azərbaycan-Ermənistan sərhədinin təhlükəsizliyinin qorunmasıdır”. Zəngilanın əhəmiyyətinə toxunan ekspert bildirib ki, İranla sərhədin qorunması, təhlükəsizliyi və bunun üçün də Zəngilan, Cəbrayıl, Füzuli istiqamətinin inkişaf etdirilməsi vacib məsələdir.
Politoloq Əhməd Əlili bildirib ki, Azərbaycan Avropa ilə uğurlu əməkdaşlıq edir və bu əməkdaşlıq xüsusilə enerji sahəsində müşahidə olunur. Onun sözlərinə görə, Prezident İlham Əliyevin mətbuat konfransına avropalı jurnalistlərin də iştirakı ermənilərin Avropada maraq dairələrinə qarşı edilmiş ən effektli cavabdır və bu proses davam etdirilməlidir.
Politoloq Zaur Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin çıxışı ekspertlər üçün də bir yol xəritəsidir. Rusiya sülhməramlıların fəaliyyətinə toxunan ekspert qeyd edib ki, sülhməramlı qüvvələr 4 il yarımdan sonra bölgəni tərk edə bilər.